Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunmuşdu.

Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə reallaşan paneldə çıxış edən Türkiyə Yaradıcı Sənayelər Şurasının rəhbəri Sertaç Eray Ersay yaradıcılıq sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü. O, bu sahənin inkişafının insan şüuru ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, yaradıcı məhsul insan faktoruna əsaslanır. İnsanın bacarığını iqtisadi potensiala çevirərək ondan istifadə etmək hazırda ən vacib məsələlərdən biridir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı dedi ki, yaradıcı sənayelərin ixracı məsələsində AZPROMO olaraq hazırda xalçaların təşviqi istiqamətində layihə üzərində çalışılır: “Ən vacib məqamlardan biri ixracın təşkili sahəsində maarifləndirmədir. Biz bununla əlaqədar maarifləndirmə proqramları yaratmalıyıq. Çünki yaradıcı insanlara bu istiqamətdə kömək edilməlidir”.

Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov Azərbaycanda yaradıcı sənayenin 2010-cu ildən bəri inkişaf etdiyini söylədi. O, innovativ biznes modelinin yaranmasının təbii bir prosesə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, hüquqi baza, maliyyə və innovativ klasterlərin formalaşması əsas məsələdir. Müvafiq istiqamətlərdə treninqlərin keçirilməsi, investorların axtarışı bu işdə kömək ola bilər.

Qırğızıstanın “Prima” ictimai fondunun təsisçisi və rəhbəri Viktoriya Yurtayeva yaradıcısı olduğu klassik musiqi festivalı – “TENGRİ Music fest” haqqında danışdı, layihənin ölkənin kreativ sənayesinə təsirindən söz açdı. O, yaradıcılıq sənayesinin inkişafı üçün festivalların, forumların, sərgilərin, yarmarkaların və digər tədbirlərin əhəmiyyətini vurğuladı.

Panelin sonunda yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, sektorun problemləri və inkişafı kimi məsələlər müzakirə edildi, təkliflər səsləndirildi, suallar cavablandırıldı.

Lalə Azəri