Forumun birinci gününün sonuncu panelində “Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar” mövzusu müzakirəyə çıxarılmışdı.

İncəsənət layihələri üzrə kurator Emin Məmmədovun moderatorluğu ilə keçirilən paneldə YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Fərəh Ələkbərli təmsil etdiyi qurumun rəssamlıq sənəti sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verdi.

“Ta(r)dino6” incəsənət platformasının həmtəsisçisi, mədəniyyət meneceri Əsli Səmədova (Azərbaycan, İtaliya) Azərbaycan rəssamlıq məktəbi və incəsənət nümunələrinin dünyada təbliği istiqamətində həyata keçirdikləri layihələr haqqında söz açdı.

Rəssam Faiq Əhməd, sənətşünas Mehparə Abbasova çıxışlarında sözügedən sahədə təhsilin səviyyəsi və elmi biliklərin pərakəndəliyindən bəhs etdilər. Bildirildi ki, bölgələrdə bu sahəyə diqqət və marağı artırmaq üçün təbliğat aparılmalıdır. Müxtəlif təşkilatlar qrant ayırsalar da, regionlarda sənət insanları və qalereyalar bu proseslərdən xəbərsiz olurlar.

Panel müzakirədə Azərbaycan rəssamlarının beynəlxalq sərgilərdə iştirakı ilə bağlı məsələ də diqqət mərkəzində oldu. Moderator Emin Məmmədov bu kontekstdə Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə keçirilən “Fly to Baku” müasir Azərbaycan incəsənəti sərgisini nümunə çəkdi. Bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgi bir sıra müəlliflərin beynəlxalq aləmdə tanınmasına vəsilə olub. Sərgi Azərbaycanın müasir incəsənətini 6 ölkənin paytaxtında – London, Paris, Berlin, Roma, Vyana və Moskvada nümayiş etdirmək üçün unikal imkan yaradıb. Layihədə yaşlı və orta nəslə mənsub 21 rəssamın 100-dən artıq əsəri nümayiş etdirilib.

Paneli sessiyada yerli incəsənət nümayəndələrinin dünya bazarına çıxışı və təbliği mövzusunda müzakirələr aparıldı, suallar cavablandırıldı.

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 29-da panel sessiyalar və dəyirmi masa ilə işini davam etdirəcək.

Lalə Azəri