Olaylar, faktlar (1–4 dekabr)

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

 

513 il əvvəl...

 

2 dekabr 1510-cu ildə Səfəvi qoşunları ilə Xorasanda hakim olan Şeybanilər (özbək) ordusu arasında Mərv döyüşü olub. Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. Bununla Şah İsmayıl indiki İranın bütün ərazisini öz hakimiyyəti altına alıb.

 

215 il əvvəl...

 

4 dekabr 1808-ci ildə İspaniyanı işğal edən Napoleon Bonapart ölkədəki inkvizisiya məhkəməsini ləğv edib. Bu, Avropadakı sonuncu inkvizisiya məhkəməsi idi. Roma Katolik Kilsəsinin tabeçiliyində olan və dinə qarşı çıxanları mühakimə edən inkvizisiyanın ləğvi Napoleonun nüfuzunu artırdı.

 

105 il əvvəl...

 

1 dekabr 1918-ci ildə Rumıniya torpaqları birləşib. Rumıniya 1878-ci ildə Osmanlı imperiyasından müstəqilliyini elan etsə də, rumın torpaqları birləşməmişdi. I Dünya müharibəsinin yekunlarına əsasən, Transilvaniya, Valaxiya, Bessarabiya, Bukovina birləşdi. 1940-cı ildə SSRİ Bessarabiya və Şimali Bukovinanı Rumıniyadan qopardı (hazırda bu yerlər Moldova və Ukrayna ərazisidir). Bununla belə, dekabrın 1-i Rumıniyada milli bayram – “Birləşmə günü” kimi qeyd olunur.

 

103 il əvvəl...

 

2 dekabr 1920-ci ildə Mustafa Kamalın rəhbərliyi altındakı Türkiyə qoşunları məğlubiyyətə uğratdığı (müharibə 23 sentyabrda başlamışdı) daşnak Ermənistan Respublikasını Gümrüdə təslimçi sülh sazişi imzalamağa məcbur edib. Sazişlə erməni tərəf Sevr müqaviləsindən (10 avqust 1920-ci ildə Antanta ilə Osmanlı arasında bağlanan müqavilədə Qars vilayətinin Ermənistana verilməsi barədə müddəa da vardı) imtina edir, üstəlik, Gümrünü Türkiyəyə verməyə razılaşırdı. Lakin daşnak hökuməti bu sazişi imzalayanda ölkəyə faktiki nəzarəti itirmişdi, İrəvanda sovet hakimiyyəti (29 noyabr) qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etdi. Bununla belə, bir il sonra Qars müqaviləsi (16 mart 1921) ilə Türkiyəyə iddialarından vaz keçməli oldu.

 

70 il əvvəl...

 

2 dekabr 1953-cü ildə Fransanın müstəmləkəsi Laos müstəqilliyini elan edib. 1893-cü ildə Fransanın müstəmləkəsinə çevrilən Laos İkinci Dünya müharibəsində Yaponiyanın işğalı altına düşmüş, 1946-cı ildə Fransanın nəzarətinə keçmişdi.

 

52 il əvvəl...

 

2 dekabr 1971-ci ildə Ərəbistan yarımadasının şimal-şərqində yerləşən altı ərəb əmirliyinin vahid dövləti – Birləşmiş Ərəb Əmirlikləri yaradılıb. BƏƏ federativ dövlət quruluşuna malikdir, Abu-Dabi (ölkənin paytaxtı), Dubay və Şərca daha çox inkişaf etmiş əmirliklərdir.

 

15 il əvvəl...

 

2-3 dekabr 2008-ci ildə Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı konfransı keçirilib. Azərbaycan tərəfdən konfransa İslam ölkələri də dəvət olunub. İlk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəliblər. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.

Hazırladı: V.Orxan