Naxçıvan Dövlət Filarmoniyasının kollektivi noyabrın 29-da Türkiyənin Trabzon şəhərində konsert proqramı ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə gerçəkləşib.

Konsertdən əvvəl baş konsul Nuru Quliyev Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən, habelə Vətən müharibəsində şanlı Zəfərimizdən və Azərbaycan-Türkiyə qardaşlığından danışıb.

Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin musiqi çələngində Müslüm Maqomayevin “Azərbaycan”, Aytən Alpmanın “Məmləkətim”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” və digər musiqi və rəqs nömrələri təqdim olunub. Əməkdar artistlər Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, solist İlkin Abdullayevin ifası rəğbətlə qarşılanıb. Proqram Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatıb.