Kazım Ziya adına Ordubad rayon Xalq teatrında Xalq yazıçısı Əzizə Cəfərzadənin “Analar” televiziya tamaşası əsasında səhnələşdirilən eyniadlı səhnə əsəri nümayiş olunub. Rolları Davud Məmmədov, Günəş Ağayeva, Nuridə Zeynalova, Rəcəb Quliyev, Ülviyyə Babayeva və digər aktyorlar ifa ediblər.

Səhnə əsərinin rejissoru Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulovdur.

Tamaşada bir-birinə zidd xarakterdə olan iki ana obrazı təqdim olunur: biri yad uşağı öz övladı kimi böyüdən Sənəm ana, digəri övladının ailəsini dağıtmağa çalışan Zərbutə ana. Səmədlə Aynur bir-birilərini sevərək evlənirlər. Lakin Səmədin anası Zərbutə xanım oğlunun varlı ailənin qızı ilə evlənməsini istəyir. Bunun üçün oğlu ilə gəlinini ayırmağa çalışır. Aynurun övladlıq olması xəbərinin duyulması cütlüyün ayrılmasına səbəb olur...

Rayon ictimaiyyətinin izlədiyi tamaşa maraqla qarşılanıb.