Masallı rayon Mərkəzi Kitabxanasında Milli Qəhrəman Şahlar Hüseynovun anadan olmasının 55-ci ildönümü münasibətilə “Vətən uğrunda şəhid olanlar unudulmayacaq!” adlı tədbir keçirilib.

Tədbirdə Milli Qəhrəmanın ömür və şəhadət yolundan söz açılıb. Bildirilib ki, Şahlar İsa oğlu Hüseynov 26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Misxana kəndində anadan olub. 1988-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Gəncə şəhərindəki 27 saylı Texniki peşə məktəbində oxuyub. Alüminium zavodunda işləyib.

Erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımından sonra Ş.Hüseynov könüllü cəbhəyə yollanıb. Erməni dilini mükəmməl bildiyi üçün Gəncə batalyonunda kəşfiyyatçı kimi xidmət göstərib. Həmçinin düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edib. 10 aprel 1992-ci ildə Ağdərənin Şıxarx kəndinə hücum edən düşmənlə döyüşdə şücaət göstərərək şəhid olub.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına (7 iyun 1992-ci il) layiq görülüb.