“Yaradıcı həftə” çərçivəsində dəyirmi masa

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində dekabrın 2-də “Türk dünyasının yumor festivalı” gerçəkləşəcək.

Noyabrın 30-da yumor festivalı nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa təşkil edildi.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan (RF) qonaqların iştirak etdiyi tədbirin moderatoru, Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər şöbəsinin müdiri Rəşad Əzizov dəyirmi masanın təşkilində dəstəyinə görə TÜRKSOY-a təşəkkürünü bildirdi. Qeyd etdi ki, hazırda yumor və komediya sənayesi bütün dünyada, eləcə də türk coğrafiyasında diqqət mərkəzindədir.

Bildirilib ki, Türk dünyasında bu sahə ilə məşğul olan insanların öz təcrübələrini bölüşməsi, daha geniş auditoriyaya çıxması vacibdir. Gələn il bu sahə üzrə iki layihə nəzərdə tutulur. Bu layihələrin reallaşması birbaşa bugünkü dəyirmi masada əldə ediləcək nəticədən asılı olacaq. Bunlardan biri tələbə yumor oyunları, ikincisi isə Türk dünyası xalqlarını əhatə edən teleserial ola bilər.

TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş katib Sultan Raevin festival iştirakçılarına salamını çatdırdı, Türk dünyası gənc yumoristlərinin bir araya gəlməsi təşəbbüsünü yüksək dəyərləndirdi. O, təşkilatın bu yöndə layihələrə dəstək verdiyini və bu istiqamətdə yeni çağırışlara hər zaman açıq olduqlarını diqqətə çatdırdı.

Əməkdar artist, “Şən və Hazırcavablar Klubu”nun üzvü Ələkbər Əliyev və “Bakılı oğlanlar” ŞHK-nin üzvü, ssenarist Cavid Qurbanov da gələcək birgə layihələrin təşkili ilə bağlı düşüncə və təkliflərini bölüşdülər.

Lalə