Milli mətbuatımızın başlanğıcını qoyan “Əkinçi” qəzeti 1877-ci ildə bağlandıqdan sonra Həsən bəy Zərdabiyə bir daha ana dilində qəzet nəşr etdirmək imkanı verilməmişdi. “Əkinçi”nin yolunu davam etdirmək istəyən “Ziya”, ardınca “Kəşkül” qəzetləri də bir müddət sonra fəaliyyətini dayandırmışdı. Beləliklə, 1891-ci ildən etibarən – təxminən 12 il Azərbaycan dilində mətbu nəşr olmayıb.

Azərbaycan ziyalıları dəfələrlə bu iş üçün çar hökuməti dairələrinə müraciət edirlər. Ancaq bir nəticə hasil olmur. XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şahtaxtlı Parisdən vətənə – Naxçıvana qayıdır. Kənddəki ata mülkünü sataraq Tiflis şəhərinə köçür. 1902-ci ilin aprelində Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət edir. Böyük çətinliklə də olsa, “Şərqi-Rus” adlı qəzetin Tiflis şəhərində nəşrinə icazə alır. Öz adına mətbəə də təşkil edir. Beləliklə, qəzet Tiflis şəhərində M.Şahtaxtlının naşirliyi və redaktorluğu ilə işıq üzü görür. 

Ötən yüzilliyin əvvəlində ilk anadilli mətbu orqanımız olmuş “Şərqi-Rus” qəzetinin yaranmasının 120-ci ildönümündə bu tarixə bir də qısa nəzər salaq.

Məhəmməd Şahtaxtılı zəngin həyat yoluna malik, mükəmməl təhsilli bir ziyalı olub. Naxçıvanda şəhər məktəbini, Tiflisdə isə Kişi gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqda alman dilini öyrənib, Almaniyada, Leypsiq Universitetinin Fəlsəfə, tarix və hüquq fakültəsini bitirib. Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləyib. Fransız və ingilis dillərini, eyni zamanda ərəb, rus və fars dillərini mənimsəyib.

Beləliklə, 30 mart 1903-cü ildə “Şərqi-Rus” qəzetinin ilk nömrəsi işıq üzü görür. Digər anadilli mətbu orqanlarımız kimi, bu qəzetin də başlıca məqsəd-məramı türk-müsəlman əhalisini maarifləndirmək olur. Məhz buna görə də qəzetin səhifələrində dünyəvi elmlərlə bərabər, ana dili  və qadın azadlığı ilə bağlı maraqlı, məzmunlu yazılar dərc olunurdu. Qısa zamanda “Şərqi-Rus” qəzeti dövrün mütərəqqi fikirli ziyalılarını: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və Əli Nəzmi kimi ədib və mühərrirləri öz ətrafında cəmləşdirir.

Onu da qeyd edək ki, bu nəşrin özəlliyi həm də onun ilk gündəlik Azərbaycan qəzeti olması idi. Qəzetin ömrü uzun olmasa da, mədəni-maarif və ədəbiyyat tariximizdə, ictimai fikirdə çox böyük xidmətləri olur. Məhəmməd Əmin Rəsulzadənin, Ömər Faiq Nemanzadənin publisistik əsərləri, Firidun bəy Köçərlinin ədəbi əsərləri, Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi, Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr və digər ədiblərimizin ilk mətbu əsərləri bu qəzetdə işıq üzü görüb.

“Şərqi-Rus” qəzetinin Azərbaycan mətbuatında ən mühüm rolu isə Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri üzə çıxarması olub. Xüsusilə də, C.Məmmədquluzadənin bir jurnalist və yazıçı kimi püxtələşməsində M.Şahtaxtlının böyük xidməti olub. 1904-cü ilədək (262-ci nömrəyədək) qəzetin redaktoru M.Şahtaxtlı, 15 yanvar 1905-ci ilədək (392 nömrəsi çıxib) isə C.Məmmədquluzadə olub.

Onu da deyək ki, əvvəllər M.Şahtaxtlı məslək və qələm dostları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə və başqaları tərəfindən dəstəklənir. Ancaq zaman keçdikcə müəyyən fikir ayrılıqları ilə bağlı münasibətlər dəyişir. Milli mətbuatın məqsəd və vəzifələri barədə fikirlərində ziddiyyətlər ortaya çıxır. Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında bu haqda maraqlı məlumatlar verib.

“Şərqi-Rus” Hacı Zeynalabdin Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyini tənqid edir. Buna da redaktorun qələm dostları etiraz edirlər. Qəzet isə bu etirazı kəskin tənqidə tutur, onları isə “Hacı Zeynalabdinin qələm qoçuları” adlandırır: “Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir! Bunlar... ac qurdlardır ki, neft sayəsində dövlətləniblər. Bir yerə yığılıb Əlinin börkünü Vəlinin başına qoyaraq ciblərini doldururlar. Məzəsi budur ki, belə  çapovulçuların iddiası odur ki, mən bunları pişvayi-islam tanıyıb, rəzalətlərini millət nəzərində fəzilət göstərəm...”.  

Həmin yazıya cavab olaraq Əhməd bəy Ağayev qəzetin səhv addım atdığını qeyd edir: “Belə qəzetin ilk oxucuları artıq o qədər ziyalıdır ki, qovğalı yazılardan heç bir zövq almırlar. O qədər həssasdırlar ki, qovğa rubrikaları onlarda sadəcə, ikrah doğurur”.   

Ümumi mənzərədən də göründüyü kimi, bu intriqaların arxasında şəxsi maraqlar durmayıb. Onlar, sadəcə, “Şərqi-Rus”un tutduğu yolun yanlış olduğunu qeyd ediblər. Məqsəd ancaq ümumi işə xidmət olub. Maraqlıdır ki, sonralar hər şey qaydasına düşür. M.Şahtaxtlı özü də ümummilli maraqlar naminə şəxsi iddialarından çəkinib. Qəzet vasitəsilə səhvini etiraf edib. Ə.Topçubaşov qələm dostunun bu etirafını böyüklük bilib.

“Şərqi-Rus” qəzetinin sonuncu nömrəsi 15 yanvar 1905-ci il tarixdə çap olunub. Beləliklə də, Azərbaycan mətbuatının Tiflis dövrü bu qəzetlə başa çatmış olub...

Onu da deyək ki, M.Şahtaxtlı Rusiya imperiyası daxilində yaşayan milyonlarla türkün milli-mədəni inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdandır. Böyük maarifçilərimiz Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və İsmayıl bəy Qasprinskinin başladığı yol Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Şahtaxtlı və başqalarının işıqlı əməlləri ilə davam etdirilib. Bütün bunların nəticəsi olaraq sonda milli ideologiya yaranıb...

M.Şahtaxtlı 1919-cu ildə Bakıya gəlir. Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edir. Sovet hakimiyyəti illərində ilk professor adını alan azərbaycanlıdan biri olur. 12 dekabr 1931-ci ildə, ömrünün ixtiyar çağında – 85 yaşında vəfat edir. 

Savalan Fərəcov