Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Dram Teatrında “Heydər Əliyev İli”nə töhfə olaraq Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı tamaşa-kompozisiya hazırlanıb. Dekabrın 3-də səhnə əsərinin premyerası olub.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub. Kompozisiyada Heydər Əliyevin Azərbaycan xalqının ictimai-siyasi, sosial-mədəni həyatında rolu canlandırılır, Ulu öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir.

Kompozisiyanın məqsədi Heydər Əliyevin zəngin irsini tamaşaçılara, xüsusilə yeni nəslə çatdırmaq, onun müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.

Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, videomühəndisi Şəhriyar Camalbəylidir. Səhnə əsərində Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar Şahrud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev, Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova, Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə, Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə Cəfərova, Teymur Hacızadə iştirak edirlər.