Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və “Araz” dərnəyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı dekabrın 4-də İğdır şəhərində “Cibimizdəki dəlilik” tamaşasını nümayiş etdirib. Tamaşa İğdır Mədəniyyət Mərkəzində təqdim edilib.

Türkiyəli yazıçı Mehmet Ümit Görgülünün eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşaya Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev quruluş verib. Səhnə əsərində Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov, Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev çıxış ediblər.

İnsanın insana yadlaşması və özündən, öz dəyərlərindən uzaqlaşmasından bəhs edən psixoloji dram maraqla qarşılanıb.