Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanan “Polyaklar Azərbaycanda” adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib. Bu barədə Milli Arxiv İdarəsindən bildirilib.

Sərgiyə daxil edilmiş sənədlər XIX əsrin sonu – XX əsrin əvvəllərinə aiddir. Həmin dövrdə Azərbaycanda yaşayan polyaklar Bakı şəhərində tikinti-abadlıq işlərində yaxından iştirak ediblər, o cümlədən şəhərin tarixi arxitekturasına öz töhfələrini veriblər. O dönəmlərdə Bakıda polyak memar və inşaatçılar tərəfindən məktəb və kitabxana binaları, ictimai binalar, parklar, bulvarlar və s. layihələndirilmiş və tikilmiş, həmçinin “Polşa evi” adlı cəmiyyət yaradılmışdı. Polyaklar Azərbaycanda həyatın bir çox sahələrinin inkişafında yaxından iştirak etdikləri kimi, həm də öz mədəniyyətlərini ölkəmizdə təbliğ etmişlər.

Sərgi ilə Milli Arxiv İdarəsinin saytında tanış olmaq olar.

Yeri gəlmişkən, dekabrın 6-da Azərbaycanda ilk dövlət arxivinin yaradılmasının 103 ili tamam oldu.

Tarixi keçmişin ən dərin izlərini və əsl həqiqətləri, heç şübhəsiz, arxivlər daşıyır. Bu mənada arxivləri tarixin yaşadığı ev də adlandırırlar.

Azərbaycanda dövlət arxivinin əsası 6 dekabr 1920-ci ildə “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulub. 1921-ci ilin yanvarında Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olub.