Dekabrın 10-u görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 105-ci ildönümüdür. O, məlahətli səsi və bənzərsiz sənətkarlığı ilə sənətsevərlərin yaddaşında silinməz iz buraxıb.

Gülxar İbrahim qızı Həsənova 1918-ci il dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. 1935–1937-ci illərdə Bakı Teatr Texnikumunda oxuyub, 1959-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1936–1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub. Səhnədə yaratdığı obrazlarla diqqəti cəlb edən Gülxar Həsənovanın istedadı dahi bəstəkar Üzeyir Hacıbəylinin də gözündən yayınmır. Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edir. Sənətkar bu barədə deyib: “Məni filarmoniyada keçirilən konsertə dəvət etdilər ki, orada çıxış edim, Üzeyir bəy səsimi dinləsin. Mən səhnəyə çıxdım. Amma məni heç kim tanımırdı. Nə adım çəkiləndə, nə də səhnəyə çıxanda heç kim məni alqışlamadı... Elə ki başladım oxumağa... Ani sükutdan sonra alqış sədaları kəsilmək bilmirdi. Utandığımdan mahnını tez qurtarmaq üçün “Bayatı-Şiraz”ın ortadakı şöbəsini oxumadım. Üzeyir bəy o vaxt İncəsənət İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) rəhbəri Mirzə İbrahimovla lojada oturub mənə qulaq asırdı. Konsert qurtarmamış məni filarmoniyanın direktorunun otağına çağırdılar. Fikirləşdim ki, yəqin mahnını yarımçıq oxuduğum üçün danlayacaqlar. Narahatçılığa səbəb olmadı, əksinə, Üzeyir Hacıbəyli ilə Mirzə İbrahimov məni təbrik etdilər. Üzeyir bəy soruşdu ki, bəs niyə yarımçıq oxudun, axı yaxşı oxuyurdun?! Utandığımı söylədim və fikirləşdim ki, bəlkə tamaşaçıların heç xoşuna gəlmir, bu səbəbdən də mahnını tez qurtardım... O, sözümü kəsərək, – Yox, qızım, çox yaxşı oxudun, təbrik edirəm. Sən sabahdan operaya gələrsən, – dedi. Orada isə bədii şuranın iştirakı ilə, başda İsmayıl Hidayətzadə olmaqla, Bülbül Məmmədov, Əlövsət Sadıqov, Məmmədtağı Bağırov, Hüseynağa Hacıbababəyov, Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Qurban Pirimov səsimə qulaq asıb, xarici görkəmimə baxıb məni Opera Teatrına qəbul etdilər...”.

Beləliklə, G.Həsənova səhnə fəaliyyətinə Opera və Balet Teatrında davam edir. 1942-ci ildən ömrünün sonunadək bu teatrın solisti, 1980-ci ildən isə Gənc Tamaşaçılar Teatrının məşqçi pedaqoqu olur.

G.Həsənova milli operalarda aparıcı partiyalarda çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. “Leyli və Məcnun”da Leyli və Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Bahadır və Sona”da Təravət xanım, “Arşın mal alan”da Telli, “Vaqif”də Qarı, “Gəlin qayası”nda Ana kimi yaddaqalan obrazlar yaradıb.

Ömrünün yarım əsrdən çox bir dövrünü opera ifaçılığına həsr edən müğənni sənətinin çətinliyi barədə sonralar belə deyirdi: “1941–1945-ci illərin müharibə dövrü sənətçilər üçün də ağır, məşəqqətli zaman idi. Tez-tez cəbhə bölgələrində olurduq. Çalışırdıq ki, əsgər oğullarımıza mənəvi dayaq olaq. Bu çıxışların əsas təşəbbüsçüsü də Üzeyir bəy idi. O, bizim vətənpərvərlik ruhumuzu daha da artırırdı. Üzeyir bəy elə bir şərait yaratmışdı ki, səhnə də bizim üçün bir cəbhəyə çevrilmişdi. Yadımdadır, 1943-cü il idi. Mən Əlövsət Sadıqovla “Leyli və Məcnun” operasını oynamalı idim. Tamaşadan əvvəl acı bir xəbər eşitdim. Cəbhədən qardaşımın qara kağızı gəlmişdi. Mənimlə bərabər bütün yoldaşlarım da sarsıldılar. Onlar elə bildilər ki, tamaşa təxirə düşəcək. Amma yox, elə olmadı. Mən özümdə güc toplayıb həmin gün tamaşanı oynadım. Bəlkə əvvəlkilərdən daha da yaxşı. Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı...”.

Musiqişünas Səadət Təhmirazqızı G.Həsənova ilə bağlı məqaləsində onunla tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərovun xatirələrini diqqətə çatdırır: “Sənətkar üçün vacib olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad, məsuliyyət və zəhmətdir. Bu keyfiyyətlər də Gülxar xanımda üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq mənə nəsib olub. M.Maqomayevin “Şah İsmayıl” operasında mən Şah İsmayıl, o isə Ərəbzəngi rolunda çıxış etmişik. Gülxar xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə dalaraq az qala tamaşaçıya çevrilirdim. Bu obraz ona çox yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət Rzayevadan sonra Ərəbzəngi obrazının ən mahir ifaçısı məhz Gülxar Həsənova idi”.

Məlahətli səsi, təkrarolunmaz səhnə mədəniyyəti ilə musiqi və teatr sahələrində xidmətləri yüksək qiymətləndirilən müğənni 1954-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1998-ci ildə “Şöhrət” ordeninə, 2002-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Gülxar Həsənova 2005-ci il martın 30-da Bakıda vəfat edib, II Fəxri xiyabanda torpağa tapşırılıb. Dövlət başçısının 2018-ci ildə imzaladığı sərəncamla sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunub.

Hazırladı: N.Məmmədli