Olaylar, faktlar (8–11 dekabr)

 

10 dekabr dünyada İnsan Haqları Günü kimi qeyd olunur. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında “İnsan haqları haqqında Bəyannamə” qəbul olunub. Bu, insan hüquq və azadlıqları sahəsində beynəlxalq səviyyəli ilk fundamental sənəd idi.

 

228 il əvvəl...

 

9 dekabr 1795-ci ildə general Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulub. Ruslar bir ay ərzində Gəncəyədək irəlilədikdən sonra geri qayıdıblar. 1796-cı ilin yazında general V.Zubovun başçılığı altında rus qoşunları Dərbəndi ələ keçirdilər. Bu, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına (1801-1828) hazırlıq yürüşləri idi.

 

125 il əvvəl...

 

10 dekabr 1898-ci ildə Parisdə İspaniya-ABŞ müharibəsinin yekunlarına dair sülh sazişi imzalanıb. İspaniyanın Sakit okean və Karib hövzəsindəki müstəmləkələri – Kuba, Puerto-Riko, Quam, Filippin ABŞ-nin nəzarətinə keçdi. Birləşmiş Ştatlar bu ərazilərin əvəzində İspaniyaya o vaxtın pulu ilə 20 milyon dollar ödədi.

 

122 il əvvəl...

 

10 dekabr 1901-ci ildə ilk Nobel mükafatları laureatlara təqdim edilib. Stokholmda İsveç Kralı tərəfindən fizika (Konrad Rentgen, Almaniya), kimya (Yakob Hendrik Van Qoff, Niderland), biologiya (Emel Adolf Berinq, Almaniya), ədəbiyyat (Fransua Arman Sülli-Prüdom, Fransa) üzrə mükafatları, Osloda isə Norveç Kralı tərəfindən Nobel sülh mükafatı (“Qızıl xaç” hərəkatının banisi Anri Jan Dünan (İsveçrə) və fransız Frederik Passi) təqdim olunub.

 

109 il əvvəl...

 

9 dekabr 1914-cü ildə Birinci Dünya müharibəsi gedişində Rusiya və Osmanlı qoşunları arasında ilk irimiqyaslı toqquşma – Sarıqamış döyüşü başlanıb. 5 yanvar 1915-ci ilədək davam edən döyüşdə türk qoşunlarının məğlubiyyəti rus qoşunlarının həmin il ölkənin şimal-şərq bölgələrini işğal etməsinə imkan yaratdı.

 

75 il əvvəl...

 

9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası “Genosid cinayətləri və onun cəzalandırılması haqqında” beynəlxalq konvensiya qəbul edib. Konvensiya soyqırımı cinayətlərinə qarşı qəbul edilən ilk beynəlxalq sənəddir.

 

32 il əvvəl...

 

8 dekabr 1991-ci ildə Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya puşşa” qoruğundakı “Viskuli” hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Dekabrın 21-də 11 sovet respublikasının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. Baltikyanı respublikalar imtina etdilər, Gürcüstan isə 1993-cü ildə MDB-yə daxil oldu.

 

9 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Dakarda (Seneqal) keçirilən sammitində Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.

 

31 il əvvəl...

 

10 dekabr 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunun sərhədyanı kəndlərinə hücum edib. Üç gün davam edən hücum nəticəsində 10-a yaxın kənd işğal olunub. 1993-cü ildə Ermənistan tərəfindən tamamilə işğal olunan rayonun ərazisi 2020-ci ilin Vətən müharibəsində azad edildi.

 

29 il əvvəl...

 

10 dekabr 1994-cü ildə Rusiyanın federal qoşun hissələri Çeçenistan ərazisinə daxil olub. Birinci Çeçenistan müharibəsi başlanıb. Rusiyanın müdafiə naziri Pavel Qraçov Kremli əmin etmişdi ki, dekabrın sonunadək bölgə tamamilə federal nəzarətə alınacaq. Lakin müharibə 1997-ci ilədək davam etdi. Həmin il müharibədə atəşkəs əldə edildi, Moskva Mashadov hökumətini tanıdı. Atəşkəs iki il sürdü və 1999-cu ilin sentyabrında ikinci Çeçenistan savaşı başlandı.

Hazırladı: V.Orxan