Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirliklərinin təşkilatçılığı ilə Romada Vatikana məxsus və UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Cançelleria Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə klassik musiqi konserti olub.

Konsertdə İtaliya və Vatikanın dövlət rəsmiləri, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İtaliya və Vatikandakı diplomatik korpusun və akademik dairələrin nümayəndələri, eləcə də İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini bildirib. Səfir dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, suverenliyini möhkəmləndirməsi, ölkəmizin beynəlxalq arenada rolunun artması və iqtisadi baxımdan güclənməsinə böyük töhfələr verdiyini qeyd edib.

İlqar Muxtarov bu il Azərbaycan və Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 31 illiyinin qeyd olunduğu, Azərbaycan-Vatikan münasibətlərinin qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslandığını vurğulayıb. O, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ilk Prezidenti kimi Vatikana rəsmi səfər etdiyini və mühüm görüşlər keçirdiyini, Papa II İohan Pavelin 2002-ci ildə və Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfər etdiklərini, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərinin olduğunu xatırladıb.

Diplomat Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda mədəni və bədii irsin mühüm nümunələrinin bərpası layihələrinin həyata keçirildiyini qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətlərinin əsasının qoyulmasında müstəqil Azərbaycanın Prezidenti kimi 1997-ci ildə İtaliyaya ilk dəfə rəsmi səfər edən Ulu Öndər Heydər Əliyevin xüsusi rolu haqqında danışıb. Ümummilli Liderin müəllifi olduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyasının Avropa ölkələrinin, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verdiyini, İtaliya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Eyni zamanda, Ulu Öndərin müstəqil, güclü və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti qurmaq istiqamətində fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayan səfir R.Aslanov bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, müstəqil siyasət yürüdən, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal həcmli layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli bir dövlətə çevrildiyini qeyd edib.

Konsert proqramında violonçel ifaçısı Lalə Marelli və pianoçu Angelisa Seminara dahi bəstəkarlar Niyazi, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Sergey Raxmaninov, İohan Sebastian Bax, Cakomo Puççini, Antonin Dvorjak, Corc Gerşvin, Ruqqero Leonkavallo və Ernesto De Körtisin əsərlərini ifa ediblər.

Azərbaycanın xalq mahnılarından “Gözəlim sənsən” və “Küçələrə su səpmişəm” auditoriyanın xüsusi alqışlarına səbəb olub.

Konsert çərçivəsində, həmçinin Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfərlərindən ibarət fotosərgi təşkil edilib.