Lənkəran Dövlət Dram Teatrında Ümummilli lider Heydər Əliyevin 100 iliyi münasibətilə səhnələşdirilən “İki iyirmi üç arasında” adlı tamaşa-kompozisiya Lerik rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Əməkdar mədəniyyət işçisi, şair-publisist Qəşəm Nəcəfzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşaya Emil Əskərov quruluş verib.

Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub. Quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar Şahrud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev, Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva və başqaları ifa edirlər.

Lənkəran teatrının kollektivi yeni səhnə əsərini İmişli rayon Mədəniyyət Mərkəzində də nümayiş etdirib. Nümayişdən öncə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, əsərin müəllifi Qəşəm Nəcəfzadə çıxış ediblər. Səhnə əsəri maraqla qarşılanıb.

Nurəddin