Dekabrın 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ilk əsri” adlı elmi sessiya keçirilib.

Muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycanın tarix boyu görkəmli şəxsiyyətlər, dövlət xadimləri yetişdirdiyini söyləyib, bu insanların hər birinin dövlətçilik tariximizdə özünəməxsus yeri və rolu olduğunu qeyd edib.

Ulu öndərin Azərbaycan tarixində parlaq iz qoymuş böyük tarixi şəxsiyyət olduğunu bildirən akademik Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini dahi liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olduğunu deyib: “Hər bir xalqın ali sərvəti onun istiqlalı, müstəqilliyidir. Dahi lider Azərbaycanın istiqlalını, bütövlüyünü qorudu və möhkəmləndirdi. Onun qurduğu müasir müstəqil Azərbaycan sonradan etibarlı əllərə tapşırıldı, Ümummilli liderin yolunu, siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə davam etdirir. Bu gün Azərbaycan dövlət müstəqilliyini və suverenliyini tam bərpa edib. Respublikamızın hər yerində Azərbaycanın bayrağı dalğalanır”.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Heydər Əliyev hər zaman elm və incəsənət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşırdı. “Kitabi-Dədə Qorqud” dastanının 1300, Azərbaycanın görkəmli elm, mədəniyyət xadimlərinin, dahi Nizaminin, Füzulinin, Nəsiminin yubileylərinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edilməsi onun mədəniyyətə, ədəbiyyata olan böyük sevgisindən irəli gəlirdi. Məqsəd həm də Vətənini dünyada tanıtmaq, doğma Azərbaycanın necə böyük şəxsiyyətlər yetişdirdiyini göstərmək idi.

Vurğulanıb ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən Ulu öndərin görmək istədiyi Azərbaycan bugünkü Azərbaycandır. Qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan xalqı hər zaman onu böyük ehtiram, iftixar və minnətdarlıqla xatırlayacaq.

Tədbirdə Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən sərgi nümayiş olunub.