7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Aytmatov və teatr” VI Beynəlxalq Teatr Festivalı keçirilib.

Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasından teatr kollektivləri iştirak edib.

İştirakçı kollektivlər Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında dünyaşöhrətli ədibin əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi Ç.Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırladıqları “Manqurt” tamaşası ilə sənətsevərlərin qarşısına çıxıb. Səhnə əsəri maraqla qarşılanıb.

Pantomima teatrının kollektivi Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və bu ölkənin Teatr Xadimləri İttifaqı tərəfindən Ç.Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretasiyasına görə xüsusi mükafata layiq görülüb.