Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.

Psixoloji dram janrında tamaşanın süjet xəttini Leyla adlı bir xanımın ağır həyatı təşkil edir.

Müəllif Pərvin Nurəliyeva deyib ki, qadınların həyatda üzləşdiyi problemlər, keçirdiyi çətinliklər dünyanın hər yerində aktual məsələlərdir. Əsərin qəhrəmanı Leylanın timsalında qadın həyatının incəliklərini göstərməyə çalışmışıq.

Teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, tamaşa qastrol səfərlərində də nümayiş etdiriləcək. Hazırda aktyorlar tamaşanı gürcü və rus dillərində də hazırlayırlar.

Qeyd edək ki, səhnə əsərində teatrın aktyorları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova və Fuad İsfahanlı rol alıblar. Tamaşanın rəssamı Nino Kitiadır.