Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Füzuli, Laçın, Şuşa, Zəngilana növbəti infotur təşkil edib.

Komitədən bildirilib ki, infotur iştirakçılarına I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası barədə məlumat verilib.

Şuşada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olan infotur iştirakçıları Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzündə olublar.

Laçın şəhərində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər. Onlar Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimində də iştirak ediblər.

Daha sonra infotur heyəti erməni işğalı dövründə xarabalığa çevrilmiş və indi yenidən qurulan Füzuli şəhərində və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində olublar. Fotoqraflar infrastruktur obyektlərində yaradılan şəraitlə tanış olublar, doğma yurdlarına yeni nəfəs gətirən sakinlərlə söhbət ediblər.

Səfərlər zamanı infotur iştirakçıları işğal dövründə törədilmiş dağıntılar və hazırda aparılan bərpa-quruculuq işləri ilə bağlı maraqlı fotoçəkilişlər ediblər. Çəkilmiş şəkillər Dövlət Komitəsinin sosial media hesablarında paylaşılıb.

İnfoturda Azərbaycan Fotoqrafları Birliyinin üzvləri, müxtəlif yerli və özəl təşkilatlarda çalışan fotoqraflar iştirak ediblər.