Yaponiya mütəxəssisləri dünyada ilk dəfə olaraq insan beyini siqnallarının emal edilməsi əsasında generativ süni intellekt (Artificial intelligence – AI) vasitəsilə görüntü reproduksiya etmək imkanı verən texnologiya işləyib hazırlayıblar.

Yaponiya mediasında yayılan məlumata görə, sksperimentin gedişində Milli Kvant Elmləri və Texnologiyalar İnstitutundan olan tədqiqat qrupu insan tərəfindən obyektlərin və mənzərələrin görüntülərinin gözdən keçirildiyi an beyin siqnallarını qeyd edib. Eksperimentdə iştirak edənlərə 1200 müxtəlif görüntü göstərilib. Eyni zamanda beyin aktivliyi funksional maqnit-rezonans tomoqrafiya (MRT) köməyi ilə təhlil edilib. Həmin şəkilləri beyin siqnalları ilə müqayisə etməyi bacaran Aİ bazasına yükləyiblər.

Bundan əvvəl aparılan tədqiqatlar artıq göstərib ki, insanın gördüyü şəkillər funksional MRT tərəfindən emal olunmuş beyin siqnalları əsasında rekonstruksiya oluna bilər. Lakin yalnız məhdud diapazondakı şəkillər bu yolla reproduksiya oluna bilərdi. İndi isə yapon alimləri bundan əvvəlki nailiyyətlərə əsaslanaraq, beyin siqnallarını rəqəmlərə çevirən proqram işləyib hazırlayıblar, artıq təlim keçmiş süni intellekt həmin rəqəmlər əsasında görüntüləri reproduksiya edir.

Alimlər hesab edirlər ki, bu texnologiyadan rabitə cihazlarının işlənib hazırlanması, eləcə də hallüsinasiya və insan yuxusunun mexanizmlərini anlamaq üçün istifadə etmək mümkün olacaq.