Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1999-cu il 6 dekabr

 

Prezident Heydər Əliyev rəqqasə Roza Cəlilova, opera müğənniləri Lütfiyar İmanov, Mariya Titarenko, aktrisa Firəngiz Şərifova, şərqşünas Əli Əsgər Məmmədov və şair Fikrət Sadıqa fərdi təqaüdlərin (“Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” 10 noyabr 1997-ci il tarixli fərmana uyğun olaraq) verilməsi haqqında sərəncam imzalayıb.

***

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası işçilərinin sosial təminatını yaxşılaşdırmaq haqqında sərəncam imzalayıb. Balet truppası üzvlərinin aylıq maaşı 2000-ci il yanvarın 1-dən orta hesabla 5 dəfə artırılıb.

 

1999-cu il 10 dekabr

 

Akademik Milli Dram Teatrında Xalq şairi Nəbi Xəzrinin 75 illiyi münasibətilə yeni quruluşda səhnələşdirilmiş “Burla xatın” mənzum pyesinin tamaşasına baxıb. Tamaşadan sonra yaradıcı kollektivin üzvləri ilə səhnə arxasında görüşüb.

“...Hər bir səhnə əsərinin əsası yazılmış pyesdir. Bizim hörmətli şairimiz, yazıçımız, dramaturqumuz Nəbi Xəzri tariximizin qədim dövrünə aid olan, millətimizin kökünü tanıdan hadisələri qələmə alıbdır... Təbiidir, keçmişdə bizim tarixşünaslar xalqımızın tarixinin ayrı-ayrı dövrlərini yazıblar və bizim üçün bu barədə ən ulu olan da “Kitabi-Dədə Qorqud”dur. Bu, Azərbaycan xalqının, türklərin dərin köklərinin çox dəyərli nümunəsidir. Biz “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi haqqında qərarlar qəbul edəndə gördük ki, bizim tədqiqatçılarımız da ... ədəbiyyatçılarımız da əsərlər yazıblar. Ancaq bunlar hamısı azdır. Çünki “Kitabi-Dədə Qorqud” elə bir zəngin xəzinədir ki, onun bugünkü nəsillərə və gələcək nəsillərə aydın, açıq və anlanıla bilən şəkildə çatdırılması, birinci – zəhmət tələb edir, ikincisi də istedad çox vacibdir. Bu baxımdan Nəbi Xəzrinin çəkdiyi zəhməti mən xüsusi qiymətləndirirəm. Bilirəm, Nəbi Xəzri hələ 70-ci illərdə bunu poema kimi yazıbdır. Sonra bunu mənzum drama çeviribdir və indi biz “Dədə Qorqud”un 1300 illik yubiley tədbirlərini keçirərkən bu əsərin müasirliyi bu gün üçün və gələcək üçün çox vacib olduğu aşkar oldu. Çox məmnunam ki, bizim Milli Dram Teatrımız bu əsəri hazırlayıb...

...Teatr gərək yeni-yeni əsərlər yaratsın. Bizim teatrımız həmişə xalqımızın fəxridir. Çünki bu, Azərbaycan xalqının dünyəvi xalq olduğunu göstərir... Şübhəsiz, başqa nümunələr də vardır ki, bizim xalqımızın ümumbəşəri dəyərlərdən həmişə bəhrələndiyini göstəribdir.

Mən sizin zəhmətinizi bilirəm. Həmişə demişəm, aktyor sənəti kimi zəhmətkeş sənət yoxdur. Heç neftçilərin də sənəti bu qədər zəhmət tələb edən deyil. Yaxud da ki, yerin altından kömür çıxaranların və başqalarının da. Ancaq təbiidir, bu sənətə təsadüfi adamlar gələ bilməzlər. Bu sənətə ancaq sənəti sevənlər gələ bilər, sənətə aşiq olanlar gələ bilər. Müəllim olmaq, həkim olmaq, yaxud mühəndis, aqronom, iqtisadçı olmaq və başqa işlər elədir ki, kütləvi xarakter daşıyır. Təbii, orada da istedadlı adamlar olmalıdır. Amma incəsənət belədir ki, bunun üçün həm gərək istedad olsun, həm də incəsənətə bağlılıq, sevgi olsun. Xüsusən teatr kimi bir incəsənət növü. Teatrda gərək səhnədə hazırlaşasan, bir, iki, on, on beş dəfə məşq edəsən. Sonra bir dəfə çıxasan səhnəyə, camaata bunu göstərəsən. Təbii ki, bu, çox ağır bir prosesdir. Siz də bu işin fədailərisiniz. Mən istəyirəm ki, siz həmişə fədai olasınız. Teatrımız yaşasın, inkişaf etsin və daha da yüksəlsin...”.

 

1999-cu il 12 dekabr

 

Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə iştirak edib.

 

1999-cu il 25 dekabr

 

Azərbaycan milli xoreoqrafiya sənətinin inkişafında böyük xidmətlərinə görə Əminə Dilbazinin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq artisti Əminə Dilbaziyə 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

1999-cu il 28 dekabr

 

XXI əsr ərəfəsində dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və digər sahələrdə əldə olunmuş nailiyyətləri nümayiş etdirmək məqsədilə “Azərbaycan – 2000” kitabının nəşri haqqında sərəncam imzalayıb. Kitabın yazılması və çapa hazırlanması üçün baş redaksiya heyəti yaradılıb.

***

UNESCO-nun təşəbbüsü ilə BMT tərəfindən elan edilən 2000-ci il – “Sülh Mədəniyyəti İli”nin Azərbaycanda qeyd olunması üçün sərəncam imzalayıb.

***

Azərbaycan təsviri sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Kamil Nəcəfzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq rəssamı Kamil Nəcəfzadəni 70 illik yubileyi münasibətilə təbrik edib.

 

1999-cu il 31 dekabr

 

Gənc müğənni Surxay Əsgərovu və onun atasını, həmçinin ölkəmizin səkkiz milyonuncu vətəndaşının valideynlərini qəbul edib. Hər iki ailəyə yeni mənzillərin açarını təqdim edib.

Müslüm Maqomayevin nəzarəti altında Bakı Musiqi Akademiyasında təhsil alan Surxay Əsgərova tövsiyələrini verib. “Müslüm Maqomayev sənin kimi, çox gənc vaxtlarından öz səsini büruzə verdi, öz istedadını göstərdi. Ancaq doğru-düzgün istiqamət götürdü. Yəni yüksək və çox gözəl musiqi təhsili alıbdır... Sən Müslüm Maqomayevin məsləhətlərinə qulaq as. Çünki o, bu həyat yolunu keçibdir və güman edirəm ki, sən də keçəcəksən və Azərbaycanın böyük müğənnisi olacaqsan...”.

İdman Oyunları Sarayında uşaqların Yeni il şənliyində iştirak edib.

Hazırladı: V.Orxan

(davamı var)