Hər günü zövqoxşayan musiqilərlə süslənən Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı (15–22 dekabr) bizləri yeni səslərlə də tanış etdi.

Dekabrın 18-də Bülbülün memorial muzeyində keçirilən “Şuşadan İtaliyaya” adlı konsert proqramında Əməkdar artist Ramil Qasımovun yaratdığı Bülbül vokal məktəbinin tələbələri çıxış etdilər.

Gənc vokalçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən Asyanın mahnısı və Gülçöhrənin naləsini, Asəf Zeynallı, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov və Səid Rüstəmovun mahnı və romanslarını, xalq mahnılarını ifa etdilər. Proqrama Avropa bəstəkarlarının əsərləri də daxil edilmişdi. Ernesto de Kurtis, Ciovanni Bonocini, Şarl-Kamill Sen-Sans, Georq Friderix Hendel kimi müəlliflərin kiçik həcmi vokal əsərlərini gənc ifaçıların səsindən dinləmək xoş oldu.

Konsertmeyster Aygün Muradovanın müşayiəti ilə çıxış edən Şaban Cəfərov, Mehdi Niftəliyev, Amil Nuri, Nəzrin Mansırlı, Ərşad Heydərov, İbrahim Quliyev, Aytac Nəsibova, Fidan Sultanova, Elşən Məmmədov, Kənan Sultanov, Parsa Khaev, Lalə Namazova, Əli Vahidov, Gülüm Salimova, Nuray Qəmbərzadə və Günay Məmmədovanın səsinin tezliklə daha böyük səhnələrdən eşidəcəyimizə ümidliyik.

…Təxminən bir əsr öncə Azərbaycandan, Şuşadan ali vokal təhsili almaq üçün ilk cığır açıldı: sonradan milli vokal sənətinin istiqamətini müəyyən edəcək, Azərbaycan bəstəkarlarını romans, opera yazmağa həvəsləndirəcək Bülbül bu yolla İtaliyaya getdi və qayıtdı…

…Əgər bu gün Azərbaycan vokal məktəbinin yetirmələri opera ifaçılığının “Məkkə”si sayılan İtaliyada təkcə təhsil almır, həm də bütün Avropa səhnələrini öz istedadları ilə fəth edirlərsə, Şuşadan İtaliyaya aparan yolları gedənlərimiz çox olacaq.

Gülcahan Mirməmməd