Şahzadə Diananın qara rəngli donu Hollivuddakı “Julien’s Auctions” satış evində 1 milyon 148 min dollara satılıb. Bu, hərracda qoyulan ilkin qiymətdən təxminən 11 dəfə çoxdur. Hərrac təşkilatçıları ona 100 min dollar qiymət qoymuşdular.

Ulduz naxışlı məxmər paltar mərhum Uels şahzadəsinin indiyə qədər satılan ən bahalı geyimidir. Diana onu ilk dəfə 1985-ci ildə keçmiş əri Uels şahzadəsi Çarlz (hazırda Böyük Britaniya Kralı III Çarlz) ilə İtaliyaya səfəri zamanı, Florensiyada şam yeməyi zamanı geyinibmiş.

Don məşhur parça taciri Yakob Şlapfer tərəfindən seçilən materialdan hazırlanıb və “Jacques Azagury” brendinin dizaynerləri tərəfindən metal ulduzlarla bəzədilib.

Şahzadənin 1981-ci ildə nişan portreti üçün geyindiyi koftası da hərracda öz alıcısını tapıb. O, ekspertlər tərəfindən ilkin olaraq 80 min dollara qiymətləndirilsə də, 381 min dollara satılıb.