Hər evə bir ton bomba…

 

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında 20 minə yaxın insan həlak olub. “Əl-Cəzirə” telekanalının məlumatına görə, ölənlər arasında 8 min uşaq və 6 mindən çox qadın var.

Dekabrın 19-da Qəzza Səhiyyə Nazirliyi 19 667 ölü barədə məlumat yayıb. 7 min nəfər itkin düşmüş (ya dağıntılar altında qalıb, ya da taleyi qeyri-müəyyəndir) sayılır.

İsrail tərəfində 7 oktyabrdan bəri 1200 nəfərin öldüyü, 5 min nəfərin isə yaralandığı bildirilir.

Məlumatlara görə, İsrailin Qəzza zolağına hücumlarında indiyədək 53 min ton bomba istifadə edilib, bombardmanlar zamanı Qəzza zolağında 52 500-dən çox ev tamamilə dağıdılıb.

Noyabrın 24-də elan edilən və ümumilikdə yeddi gün sürən humanitar atəşkəsdə 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

Fələstinin radikal HƏMAS hərəkatı girovların daha bir qrupunun azad edilməsi müqabilində İsrailin təklif etdiyi yeni birhəftəlik atəşkəsi rədd edib. Məlumata görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə dayandırmağa, həmçinin anklava humanitar yardımın çatdırılmasına zəmanət verib. HƏMAS isə İsrail həbsxanalarındakı bütün fələstinli məhbusların (7 minə yaxın) buraxılmasını istəyir.