Salyan rayon Mədəniyyət Mərkəzi və şəhər klublarının birgə təşkilatçılığı ilə unudulmaz xanəndə, bəstəkar və pedaqoq Qulu Əsgərovun (1928–1987) anadan olmasının 95 illik yubileyi münasibətilə xatirə gecəsi təşkil olunub.

Tədbirdə sənətkarın yaxınları, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə sənətkarın məzarı ziyarət olunub.

Tədbirdə qeyd olunub ki, Qulu Əsgərov muğam dəsgahlarını yüksək peşəkarlıqla və ən incə cizgilərlə dinləyiciyə çatdıra bilirdi. Yaradıcı xanəndə olan Q.Əsgərov xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Onun lent yazıları AzTV-nin “qızıl fond”unda qorunur. Xanəndə uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışaraq muğam operalarında yaddaqalan obrazlar yaradıb. Bunların sırasında Zeyd, Məcnun, İbn Salam, Kərəm, Aşıq Qərib, Şah İsmayıl kimi baş rolları göstərmək olar.

Q.Əsgərov eyni zamanda pedaqoq kimi Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Muğam kafedrasının baş müəllimi və müdiri vəzifələrində çalışıb, xanəndəlik sənəti üzrə gənclərin yetişdirilməsinə öz töhfəsini verib.

Bədii hissədə vaxtilə xanəndənin repertuarında yer almış mahnılar ifa olunub. Konsertlərinin lent yazıları və Kürçaylı Məmmədovun “Əziz dostum”a gedən yol” filmi nümayiş etdirilib.

Sonda sənətkarın oğlu Rahab Əsgərov çıxış edərək atası haqqında xatirələrini bölüşüb, tədbir iştirakçılarına təşəkkürünü bildirib.