Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan” adlı sərgi-tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sumqayıt şəhər Əhməd Bakıxanov adına 1 nömrəli və Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbləri şagirdlərinin təqdim etdiyi maraqlı musiqi proqramı tədbirə xüsusi rəng qatıb. Sərgidə ümumilikdə 30 sənət adamının 70-dən çox rəsm və əl işləri nümayiş etdirilib.

***

Kəlbəcər rayon MKS-də (müvəqqəti Gəncə şəhərində yerləşir) “Tarix yazan insan – Ümummilli lider Heydər Əliyev” başlığı altında tədbir keçirilib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını, mədəniyyətimizin inkişafını, adət-ənənələrimizi diqqətdə saxlayıb. Sonda dahi siyasətçinin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

***

Qazax-Tovuz RMİ-nin dəstəyi, Qazax rayon MKS-nin təşkilatçılığı ilə Qazaxdakı Ədəbiyyat Muzeyində Əməkdar mədəniyyət işçisi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Cabirin (Dadaşova) Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük azərbaycanlı” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib.

Çıxış edənlər kitabın ideya-bədii məziyyətlərindən söz açıb, nəşrdə yer alan bədii nümunələrin kiçikyaşlı oxucuların marağına səbəb olacağını bildiriblər.

Daha sonra Respublika Uşaq Kitabxanası əməkdaşlarının kitabdakı “Ana laylası” və “Heydər zirvəsi” adlı hekayələr üzrə hazırladığı slayd nümayiş olunub.

Sonda müəllif kitabının ərsəyə gəlməsindən danışıb, nəşri kitabxanaya təqdim edib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar Şurası ilə birgə “Milli-mənəvi dəyərlərimizin inkişafında Heydər Əliyev strategiyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması və təbliğində, elm, mədəniyyət və incəsənət xadimlərinin himayə olunmasında misilsiz rolundan söhbət açılıb, Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin milli-mənəvi dəyərlərin inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişafı naminə gördüyü işlər hər bir azərbaycanlıya ümummilli dəyərlərin keşiyində dayanmağa səsləyən ən böyük nümunədir.

N.Məmmədli