Təbiətdə baş verən müəyyən dəyişikliklər həmişə bu və ya digər dərəcədə insanların yaşam tərzinə, həyat axarına öz təsirini göstərir. Buna görə də bəşər övladı gün, ay və il üzərində müəyyən təbii bölgülər aparıb.

Xalq düşüncəsində məhz qış fəsli üçün diqqətçəkən zaman bölgüsünün aparılması təsadüfi deyil. Fikrimizcə, bu fəsil üçün xarakterik olan qar, boran, həftələrlə davam edən güclü şaxtalar cəmiyyətin normal həyat ritmini pozmaqla yanaşı, ayrı-ayrı insanların sağlamlığı üçün bir sıra çətinliklər yaradır. Xüsusilə də texnika və avadanlıqların yetərincə inkişaf etmədiyi çağlarda qalın qar örtüyü kommunikasiyada, ərzaq təminatında və digər sahələrdə fəsadsız ötüşmürdü. Ona görə də ulularımız, müəyyən mənada, təsəlli məqsədilə qış fəslində bölgü aparıblar.

Böyük ozanımız Dədə Ələsgər də “Çəkməyə” rədifli qoşmasını əbəs yerə bu misralarla başlamırdı:

İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran-qarı çəkməyə...

Xalq təqviminə əsasən, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək isə Boz ay.

Dekabrın 21-i gecənin ən uzun, gündüzün isə ən qısa olduğu vaxtdır. Həmin çağdan gecələr yavaş-yavaş qısalmağa, gündüzlər isə uzanmağa başlayır. Bu, martın 21-dək davam edir, həmin gün yaz gecə-gündüz bərabərliyi hadisəsi baş verir.

Ötən gün qış fəsli xəzanın ömrünə müvəqqəti nöqtə qoydu. Artıq Böyük çillənin ikinci günüdür. Bir sıra bölgələrimizdə qızılı rəngə boyanmış torpaq ağ yorğanı üzərinə çəkib...

Arzumuz budur ki, “Böyük çillə” adı kimi bizlərə çilə yaşatmasın.

F.Yunisli