Bölgələrdəki mədəniyyət müəssisələrində “Heydər Əliyev İli” ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub.

Samux rayon Heydər Əliyev Mərkəzinin Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir il müddətinə ərsəyə gətirdiyi "100 şəkil – 100 xatirə" adlı layihənin təqdimatı keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, Milli Məclisin deputatı Musa Quliyev və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər. Sonra sərgiyə baxış olub. Bədii hissədə Samux şəhər Uşaq musiqi məktəbinin şagird və müəllimləri görkəmli bəstəkarlarımızın və dünya klassiklərin əsərlərini səsləndiriblər.

***

Qax rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "İngilis dilini necə öyrənirik?" adlı bilik yarışı təşkil edilib. Yarışda "Friends English Academy" kursunun müəllim və şagirdləri iştirak edib. Şagirdlərə ingilis dilindən biliklərini sınayan, müxtəlif səviyyələrdə suallar təqdim olunub. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Balakən şəhər Uşaq incəsənət məktəbində "Heydər Əliyevin təhsilə və mədəniyyətə bağlı ömür yolu" adlı tədbir keçirilib. Tədbirdə rəngarəng musiqi nömrələri təqdim olunub, rəsm sərgisi nümayiş etdirilib.

***

Yevlax rayon Xaldan kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər Mədəniyyət Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş konsert proqramı keçirilib. Məktəbin şagirdlərinin və müəllim heyətinin ifasında səsləndirilən musiqi nömrələri, rəqslər, kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

***

Neftçala rayon Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "AZLİNG 2023 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirilib. 

Neftçala rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən konfransda respublikanın tanınmış dilçi alimləri ilə yanaşı Türkiyə, Çin, İngiltərədən də alimlər və gənc tədqiqatçılar iştirak ediblər.

Mərkəzin direktoru Könül Məmmədova qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biri olduğunu qeyd edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Gülbağda Leysanova, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova konfransın materialları əsasında nəşr olunan linqvistik toplunun təqdimatını edərək, kitabın uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfə olduğunu söyləyib.

Konfrans panel iclaslarla davam edib, Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və növbəti ildə "AZLİNG 2024" konfransının keçirilməsi qərara alınıb.

***

Mil-Muğan RMİ-nin dəstəyi, Sabirabad rayon MKS-nin təşkilatçılığı ilə Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində Əməkdar mədəniyyət işçisi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Cabirin (Dadaşova) Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük azərbaycanlı” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib.

Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun da iştirak etdiyi tədbirdə çıxış edənlər kitabın ideya-bədii məziyyətlərindən söz açıb, xüsusilə Ulu öndərin parlaq ömrü və fəaliyyəti ilə bağlı hekayələrin kiçikyaşlı oxucuların marağına səbəb olacağını bildiriblər. Sonda müəllif kitabının ərsəyə gəlməsindən danışıb, kitabı “Hophopnamə” kitab mərkəzinə və Sabirabad rayon Mərkəzi Kitabxanasına təqdim edib.

Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Bayraqdarım, öndərim” adlı tədbir keçirilib. Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx, rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının ifasında “Bayraqdarım, öndərim” adlı ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Lənkəran-Astara RMİ-nin təşkilatçılığı ilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Sən elə bir zirvəsən...” adlı hesabat konserti keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Konsertdə idarənin tabe müəssisələrində fəaliyyət göstərən özfəaliyyət kollektivləri, mədəniyyət mərkəzlərinin solistləri, uşaq incəsənət məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər maraqlı proqramla çıxış ediblər.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Azad Məmmədov adına şəhər 2 saylı tam orta məktəbdə 2023-cü ilin "Heydər Əliyev İli" ilə əlaqədar kitab sərgisi keçirilib. Sərginin təşkil edilməsində əsas məqsəd kitabxana xidmətinin səviyyəsini yüksəltmək, şagirdlərdə mütaliə vərdişlərini və mütaliə mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.

***

Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan intellektual yarışın final mərhələsi keçirilib.

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən yarışda Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarının mədəniyyət müəssisələri iştirak edib.

RMİ-nin rəisi Şahin Şahbazov bildirib ki, bu cür intellektual yarışlar mədəniyyət müəssisələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin əməkdaşların bilik və bacarıqlarının üzə çıxarılması məqsədi daşıyır.

Yarışda Şirvan şəhərinin "Energetika" komandası I, Neftçala rayonunun "Kür-Xəzər" komandası II, Hacıqabul rayonunun "Kitabsevərlər" komandası isə III yerə layiq görülüb. Qalib komandalara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Biləsuvar rayon komitəsi tərəfindən diplom və  hədiyyələr təqdim olunub.

Camal İsmayılov adına Neftçala şəhər Uşaq incəsənət məktəbi Bakı şəhəri Arif Məlikov adına 11 illik musiqi məktəbində konsert proqramı ilə çıxış edib. Konsertdə yerli və xarici bəstəkarların əsərləri, eləcə də Azərbaycan xalq rəqsləri və estrada mahnıları təqdim edilib.