Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yeni adlar” layihəsi 2023-cü ildə də gənc istedadlara dəstək oldu.

Layihə çərçivəsində ötən ilin axırıncı konsertində (26 dekabr) filarmoniyanın səhnəsi – respublika və beynəlxalq müsabiqələr laureatları Ləman Seyidova (piano), Aytac Kara (violin), Camalə Abdinzadə (piano) və Səxavət Məmmədovun (tar) ixtiyarına verilib.

Gənc istedadları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) müşayiət edib.

Proqramda F.Əmirovun “Violin, piano və orkestr üçün ikili konsert”, F.Mendelsonun “Piano və orkestr üçün 1 nömrəli konsert” (g-moll, op.25) və H.Xanməmmədovun “Tar və orkestr üçün 2 nömrəli konsert”i səsləndirilib.