Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhid Məhəmməd Hüseynovun doğum gününə həsr olunmuş “Vətən mənə oğul desə...” adlı anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində şəhidin şəxsi əşyaları və fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.

Mərkəzin direktoru Reyhanə Sadıxova 44 günlük Vətən müharibəsində qəhrəman  oğullarımızın göstərdikləri igidliklərdən danışıb. Vurğulanıb ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva bildirib ki, güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. Daha sonra Məhəmməd Hüseynovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda şəhidin valideynləri tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür ediblər.

Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

Qeyd edək ki, M.Hüseynov ötən ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb.