20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunan tədbir

 

Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəb və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın və Türkiyənin şəhid ailələrinin iştirakı ilə “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbirdə əvvəlcə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, məktəbin həyətində Milli Qəhrəman Yuri Kovalyov və şəhidlərin abidəsi önünə tər çiçəklər düzüblər.

Məktəbin direktoru Vüsalə Məmmədova və kitabxananın direktoru Şəhla Qəmbərova 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildiriblər.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, milli birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib. O, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofeliya Salmanova və Türkiyədən nümayəndə heyətinin rəhbəri qazi Metin Şenol çıxış edərək şəhidlərin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər. Qardaş ölkələrimizdə şəhid ailələrinə və qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyi, Vətən fədailərinin adlarının əbədiləşdirildiyi bildirilib.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.