Amerikalı rəssam Kit Harinq öz parlaq və adətən siyasi xarakterli əsərləri ilə tanınsa da, onun ən təsirli əl işlərindən biri “Yarımçıq rəsm” adlı şəkildir. Harinqin qrafik üsulla çəkilmiş əsərində bir küncdən başqa, kətanın çox hissəsi boşdur, bu da Harinqin və digər bir çox insanın QİÇS (HİV) xəstəliyi səbəbiylə üzləşdiyi yarımçıq taleyi əks etdirir.

Süni intellekt texnologiyasının köməyi ilə “X” sosial şəbəkəsi istifadəçilərindən biri bu qrafik təsviri onun əsas mənasından məhrum edərək, “tamamlamaq” qərarına gəlib.”Tamamlanmış” şəkil sosial şəbəkədə mübahisələrə səbəb olub. Bir çox istifadəçilər bunun Harinqin irsinə hörmətsizlik olduğunu bildiriblər.

Kit Harinq ötən əsrin 80-ci illərində Amerika pop-artının və küçə rəsssamlığı (“Street-art”)  sənətinin ən parlaq nümayəndələrindən biri idi. O, xeyriyyəçilik və ictimai fəaliyyətlə məşğul olub, sağlığında ABŞ pop-art sənətinin əfsanəsinə çevrilib. 1982-1989-cu illərdə müxtəlif ölkələrdə təxminən 50 əsər yaratmağa müvəffəq olub. Rəssam 1988-ci ildə QİÇS-ə yoluxduğunu öyrəndikdən sonra xeyriyyəçilik fəaliyyətini artırıb. HİV xəstəliyi və imkansız uşaqların problemləri ilə məşğul olan “Kit Harinq xeyriyyə fondu” yaradıb. 1990-cı ildə vəfat edib.