Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Şərqdə ilk opera yazan qadın bəstəkar” adlı tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları, Quba şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri, digər qonaqlar iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Şəfiqə Axundovanın adı Azərbaycan musiqi mədəniyyəti tarixinə novator sənətkar kimi yazılıb. O, musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlib və bununla həmişə fəxr edib. Ş.Axundova “Gəlin qayası” operası ilə Şərq aləmində opera yazan ilk qadın bəstəkar olaraq tanınır. Görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq artisti” fəxri adına və Prezidentin fəxri təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.

Tədbirin sonunda Şəfiqə Axundovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.