Cavad xanın xatirəsi yad edilib

 

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın (1748–1804) xatirəsi yad edilib.

Mərasimdə Gəncənin icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi və digər qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Xatırladaq ki, 220 il əvvəl – 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.

Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.