Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanası tanınmış şair, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 70 illik yubileyinə həsr olunmuş “Dünya dəyməz göz yaşına...” adlı şeir saatı təşkil edib.

Çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Qeyd edilib ki, şair lirik şeirlərlə bərabər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatına həsr etdiyi müxtəlif sənədli filmlərin ssenari müəllifi, məhsuldar tərcüməçi kimi də geniş fəaliyyət göstərir.

Kitabxananın fəal oxucuları Baba Vəziroğlunun şeirlərini söyləyib, sözlərinə bəstələnmiş bir neçə mahnını ifa ediblər.

***

Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına şəhər Folklor evində də Baba Vəziroğlunun yubileyi qeyd olunub. “Səni sənə bağışladım...” adlı ədəbi-bədii gecədə Şəki şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər. Bilqeyis Ələsgərova adına şəhər Folklor klubunun müdiri, müğənni Sərdar Yunusov yubilyar şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib.