Bərdə rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Fəxri Qəribzadənin doğum günü ilə əlaqədar “Səhər qonağı” adlı ədəbi-bədii gecə təşkil edilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra F.Qəribzadənin ailə üzvləri və digər iştirakçılar çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən söz açıblar. Bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın misilsiz cəsarəti sayəsində torpaqlarımız düşməndən azad edilib, suverenliyimiz bərpa olunub.

Tədbirdə musiqi məktəblərinin kollektivləri tərəfindən vətənpərvərlik mövzusunda mahnılar oxunub, şeirlər səsləndirilib, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında “Fəxrli fəxrimiz” adlı tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, Fəxri Qəribzadə 1994-cü il yanvarın 10-da Bərdənin Güloğlular kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 10-da Ağdərə istiqamətində döyüşlərdə şəhadətə yüksəlib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.