Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn polis əməkdaşı Vasili Əhməd oğlu Əliyevin (1959–1992) anadan olmasının 65 illiyi qeyd edilib.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə keçirilən xatirə tədbirində Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Çıxışlarda bildirilib ki, Birinci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhidlərin 12 nəfəri polis əməkdaşı olub.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və digərlərinin qəbirüstü abidələri yenidən götürülüb. Qəbirüstü abidələrin bərpası davam edir.

Rayon Polis şöbəsinin əməkdaşları Milli Qəhrəman Vasili Əliyevin qəbirüstü abidəsini də ziyarət ediblər.