20 Yanvarın 34-cü ildönümü yerlərdə müxtəlif tədbirlərlə qeyd olunur

 

Regional mədəniyyət idarələrinin (RMİ) tabeliyindəki müəssisələrdə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif səpkili tədbirlər keçirilir. Tədbirlərdə 20 Yanvarın Azərbaycanın yeni tarixində yeri, 34 il əvvəl baş verən hadisələrin xalqımızın milli özünüdərkində və milli istiqlal yolunda rolu vurğulanır, sovet hərb maşınının dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən ətraflı bəhs olunur.

Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Üçoğlan kənd Mədəniyyət evində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda 1990-cı ilin yanvarında Sovet Ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışılıb.

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “20 Yanvar uşaqların gözü ilə” başlıqlı rəsm müsabiqəsi təşkil edilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi tarixin qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixidir” adlı tədbir-sərgi keçirilib. Rayon Dövlət Rəsm Qalereyası, M.Ə.Sabir adına Astara şəhər 1 və C.Babayev adına şəhər 3 saylı tam orta məktəblərin iştirakı ilə gerçəkləşən tədbirdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı film nümayiş etdirilib. İştirakçılar rəsm dərnəyi üzvlərinin əl işlərindən ibrət sərgi ilə tanış olublar.

***

Sumqayıt Gənclər Kitabxanasında şəhər 18 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə “İstiqlal mübarizəsinin əbədi yanan məşəli” adlı xatirə gecəsi keçirilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərin qəhrəmanlığından qürur duyacaqlar. Tədbir iştirakçıları kitablar və fotoşəkillərdən ibarət “Əbədiləşən tarix – 20 Yanvar” adlı sərgi-guşə ilə də tanış olublar.

***

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Xalq teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Yanvar səhəri” adlı tamaşa nümayiş olunub. Tamaşadan əvvəl 20 Yanvar hadisələri zamanı ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xalqın mübarizə əzmindən, şəhidlərin arzusunda olduqları suverenliyimizin artıq tam bərqərar olmasından danışılıb.

Masallı Dövlət Rəsm Qalereyasında “Qanlı şənbə” adlı sərgi təşkil olunub. Sərgidə o vəhşət gecəsindən fotoşəkillər və qalereyanın dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbdə “Qanlı Yanvar” mövzusunda tarix dərsi keçirilib. Şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr edilən şeirlər səsləndirilib, mövzuya dair fotolardan ibarət sərgi nümayiş olunub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı sərgi təşkil olunub. Sərgidə faciə qurbanlarının fotoları, şagirdlərin mövzu ilə bağlı əl işləri, həmçinin vətənpərvərlik mövzusunda kitablar yer alıb.

***

Tovuz rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Qanları ilə azadlıq dastanı yazdılar” mövzusunda dəyirmi masa keçirilib. Çıxış edənlər 1990-cı ilin 20 yanvarının xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olduğunu, tariximizə qürur və şərəf mübarizəsi kimi yazıldığını bildiriblər. Sonda kitabxananın təşkil etdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı sərgiyə baxış olub.

Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbində keçirilən anım tədbirində qeyd olunub ki, bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür.

Ağstafa Dövlət Rəsm Qalereyasında dərnək şagirdlərinin əl işlərindən ibarət “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” başlıqlı sərgi təşkil edilib.

Şəmkir şəhər Uşaq musiqi məktəbində də 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Müəllim və şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Şəmkir rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Qan yaddaşımız” adlı sərgi keçirib. Sərgidə 20 Yanvar faciəsini əks etdirən kitablar nümayiş olunub.

Şəmkir rayon Fərman Salmanov adına tam orta məktəbin və Məhəmməd Füzuli adına Təbiət-humanitar fənlər təmayüllü liseyin bir qrup şagirdi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində hazırlanmış sərgi ilə tanış olublar. Məktəblilər daha sonra muzeyin ekspozisiyasına baxış keçiriblər.

N.Məmmədli