20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş daha bir tədbir yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində keçirilib.

Muzeydən bildirilib ki, “Unudulmaz yaddaş” adlı tədbirdə paytaxtdakı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladığı bədii kompozisiya təqdim olunub.

Tədbirdə qeyd olunub ki, 1990-cı il yanvarın 20-nə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar.

Bildirilib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilib.

Tədbirdə Səbail rayonu 7 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.