Qax Dövlət Kukla Teatrının 2024-cü il üzrə yaradıcılıq planına nəzər saldıqda  fərqlilik diqqəti cəlb edir.

İlk rübdə qaxlı kuklaçılar “Güllü və Güloğlan” (E.Çernyak, E.Gilodi) əsərinə müraciət ediblər. Nağıl-tamaşaya teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov quruluş verəcək. Səhnə işinin quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Novruz bayramı günlərində isə kollektiv  Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” adlı hekayətini səhnəyə çıxaracaqlar. Tamaşaya teatrın aparıcı səhnə ustası Araz Mehrablı quruluş verəcək, səhnə tərtibatçısı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyev olacaq.

Bundan əlavə, dövlət sifarişi ilə Karlo Kollodinin məşhur “Pinokkionun macəraları” əsəri əsasında (tərcümə Çingiz Ələsgərli) tamaşa (quruluşçu rejissoru Y.Abdurahmanov, rəssam F.Səbrili, musiqi tərtibatçısı N.Fətəliyev) hazırlanacaq.

Vladimir Orlovun artıq klassikləşən “Qızıl cücə”si də Qax kuklaçılarının diqqətini cəlb edib. Əsərə sırf kukla oyunu ilə yozumu A.Mehrablı verəcək.

***

Salyan Dövlət Kukla Teatrının da cari il üzrə rəngarəng tamaşa planı var. İl ərzində dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulub.

Bunlardan ilki artıq məşqləri başlanan “Qaranlığı qovanlar”dır. Firuz Mustafanın pyesinə teatrın baş rejissoru Rafiq Mirzə quruluş verir. Vətənpərvərlik ruhlu əsərdə hadisələr Qarabağda baş verir. Qəhrəmanlıq mövzusunun ana xətt kimi keçdiyi nümunədə müharibənin uşaqların da həyatına təsir etdiyi xüsusi vurğulanır.

Özbək dramaturq Abbas Xurramovun “Xoruz niyə uçmur?” sualına da elə özbək quruluşçu cavab tapacaq. Özbəkistanın Sırxandərya vilayəti Kuğurcaq Dövlət Teatrının baş rejissoru Bunyod İmomovun quruluş verəcəyi bu tamaşa martın ortalarına hazır olacaq.

Mirmehdi Seyidzadənin məşhur “Cırtdan”ı da bu dəfə Salyan səhnəsinə çıxacaq. Əsərə Əməkdar artist, Estoniyada fəaliyyət göstərən “Avşar” Kukla Teatrının yaradıcısı Rauf Avşarov quruluş verəcək.

Balacalara klassik musiqili əsərlərimizi də təbliğ etmək istəyən yaradıcı heyət ilin sonuna Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının da kukla tamaşasını hazırlamağı planlaşdırır. Səhnə işini Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova təqdim edəcək.