Gənc Tamaşaçılar Teatrındakı yeni “Antiqona”dan təəssürat

 

Bilmirəm niyə, amma mən qədim yunan əsatirlərindən qopub gələn çılğın Antiqonaya daim qəzəbli olmuşam. Onun bütün gözəl hiss və gələcəklə bağlı arzularının üstünə bir təpcək qum tökməklə amansız kraldan intiqam almağına gülmüşəm. Niyə? Çünki ən böyük qisas ölmüş, öldürülmüş adamı basdırmaqla bitmir...

Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, Əməkdar artist Nofəl Vəliyevin böyük səhnədə rejissor kimi ilk cəhdi olan “Antiqona”sını çoxdan gözləyirdim. Ona görə yox ki, bu əsatirdən doğan faciə janrlı pyesin yerli quruluşda baxdığım ilk nümunədir. Ona görə ki, N.Vəliyev əsri yarılayan yaşında aktyor kimi çox şeyi borclu olduğu bu səhnədə rejissor kimi nəyi necə deyəcək və edəcək...

Hə, onu da deyim ki, bu gün təqdim olunan tamaşaların mövzu, janr, tərtibat və təqdimat üslub və formalarında birmənalı bir meyar olmalıdır – tamaşaçı. Niyə? Çünki ya sən sənət naminə gördüyün işin yüksək səviyyəsinə özünü və sənə inananları inandırmalısan, ya da tamaşan kassa gətirməlidir. Heç kim sözümü qəribçiliyə salmasın. Bu gün əksər teatrların cari repertuar planına daş kimi düşüb, tamaşaçı gətirməyən çoxlu əsər var və bu, sözsüz ki, teatra yükdür...

Digər tərəfdən, istənilən çoxfunksiyalı həll, mürəkkəb konstruksiyaların səhnəyə daşınması  və s. tamaşaların həm də sənət festivallarında yoluna çəpər çəkir. Üstəlik, səhnənin tavanındakı hər ştanketdən bir nəsnənin asılması və tamaşanı müşayiət edən texniki çətinliklər, üstəlik, ağır dekorasiyalar izafi xərc, üstəlik, teatrın rekvizit sexinə yükdən başqa bir şeyə qulluq eləmir. Qulluq demişkən, az-çox bildiyim qədəri ilə, səhnəyə qoyulan istənilən rekvizitin ali də olmasa, bir ibtidai məqsədi olmalıdır. Yəni səhnəyə tüfəng qoyulubsa, atılmalı, qılınc varsa qınından çıxmalıdır. Bu sadaladıqlarımın baxdığım “Antiqona”ya bir xeyli dəxli olduğundan keçirəm digər məsələyə.

Çox sevdiyim teatrşünas Məryəm Əlizadə “Teatr: seyr və sehr” kitabında yazır: “Poetikanın təcəssümü aşağıdakı funksional bölgüdə gerçəkləşir: ədəbi əsas – dramaturq; zaman-məkanda gerçəkləşdirmə – aktyor; vizual təzahür – rəssam; musiqili dramaturgiya – bəstəkar; texnoloji təzahür – rejissor”.

Gəlin görək, bu beş əsas komponentin hər birini konkret məzmunla yükləsək, hansı mənzərə alınar.

Ən əsası, tamaşanın hakimi rejissordursa, onun quruluşu aktyorun daxili potensialına adekvat oyunla çulğaşmasa, heç nə ali məramı – tamaşaçıya uzunmüddətli təsiri ifadə edə bilməz...

Bilənlər bilir ki, Jan Anuy “Antiqona” dramını antik dövrün dramaturqlarından Sofoklun eyniadlı faciəsinin motivləri əsasında yazıb. Pyes bundan əvvəl də bir neçə teatrımızda oynanılıb. Diplom tamaşası kimi, səhv etmirəmsə, bir neçə dəfə ADMİU-da da qoyulub. Yəqin elə Nofəl müəllim də kursu ilə bu tamaşanı işləyib. Çünki texniki baxımdan əsərin imkanları ilə aktyor oyunu arasındakı müqayisənin öhdəsindən gəlmişdi.

Janrı ikihissəli dram kimi (ki bu ikihissəli həll də tamaşaçını izafi yükləmiş olur. Ümumiyyətlə, bu gün “0” dekorasiya və daha çox aktyor oyununda, vizuallıqda itib-batan post-dramatik teatrın bir tələbi də budur – az söz, çox hərəkət, özü də qısa zamanda) müəyyən olunan tamaşanın rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir.

Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

Aktyor oyunu barədə geniş söz açmayacağam. Çünki əsərin iki güclü və bir-birinə zidd qütbü – Kreon (K.Hadıyev) və Antiqona (A.Fətullayeva) o tandemi yaşadıqca əzab çəkir və tamaşaçı ilə oyunları arasında özlərinə yaxşı bəlli olan qırmızı saplardan “tor”a tez-tez ilişirdilər. Qısacası, geyimi ilə qadınlığına vurğu hesablanmış Antiqona Aygün xanıma artıq əzab verdi. Üstəlik, son vaxtlar bir sıra tamaşalarda “dəb” alıb – aktrisaları səhnədə saman çuvalı kimi sürümək – ki, bu, əsla estetik deyil. Tamaşa boyu Antiqona ilə Kreon bu fiziki əzaba hesablanmış oyun məngənəsində sıxıldılar.

Kreonun oyunçusu qəhrəmanı ilə heç cür dil tapa bilmədi. Hərçənd K.Hadıyev güclü emosional təsirə malik tipaj, oyun təyinini asanlıqla verəcək qədər istedadlı ifaçıdır. Diqqətli müşahidəçi kimi gəldiyim bir qənaəti bölüşməyə bilmərəm: məncə, baş qəhrəman – amansız Kralla tamaşanın başçısı – rejissor arasında inamsızlıq, ilkin etimaddan sonrakı yaradıcı aktda mübahisəli mülahizələr ağır basmasaydı, çaşdırıcı mənzərə də alınmazdı.

Ümumiyyətlə, pyes oxunuşundan premyerayadək uzun yolda aktyorlarla çox işləyən, yəqin ki, say etibarilə ümumi planından da artıq nöqtələrdə məşq edən rejissorun tamaşanın digər heyəti ilə işi daha sahmanlı görünürdü. Xüsusən iki və üçüncü plan aktyorların oyunu daha səliqəli, individual alınmışdı. Artıq heç nə yox idi.

Əsər sadə dildə nəql olunur. Bizə nağılçı, təfsirçi kimi təqdimatı aktrisa Şəbnəm Hüseynova edir. Oyununa arabir yumor, kinayə, öldürücü sarkazm qatdığından hadisələr tamaşaçını diri, prosesdə saxlayır və bu, rejissor tapıntısı kimi yaxşı gedişdir.

Hekayətdən bilirik ki, Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vursa da, taxt-tacı qardaşı Polinika verməkdən imtina edir. Haqsızlığa məruz qaldığını düşünən Polinik də tərəfdarlarını yığıb qiyam qaldırır. Nəticə gözlənilməz olur: hər iki qardaş döyüşdə həlak olur və hakimiyyət dayıları Kreonun əlinə keçir. Çar elan olunan Kreon ölkəni öz qanunlar ilə idarə edir və ilk fürsətdə nifrətini qusur. Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem etmək üçün şəhər meydanının ortasına atır. Qorumaq üçün də xeyli qarovulçu ayırır. Hədəsi də dəhşətlidir: qiyamçını dəfnə təşəbbüs edən hər kəs edam olunacaq.

Az qala hamı bununla barışır. Təkcə Antiqonadan başqa. Qardaşını dəfn etmək cəhdləri boşa çıxsa da, istəyinə nail olur və öz ölümü ilə dayısından intiqamını alır. Axı Kreonun yeganə oğlu Hemon (H.Dəmirov) onun nişanlısıdır və qadınına dəli kimi aşiqdir. Sözsüz ki, oğul da atasından qisasını öz canı ilə alır və intihar edir. Beləcə, basdırılmayan ölünün qurban sırası genişlənir.

Təsirli hekayətin səhnə təqdimatında rejissorun dünya ədəbiyyatında ilk baş qəhrəman, mərkəzçi olan Antiqonaya münasibəti birmənalı deyil.

O hər kəsin oğlan kimi gördüyü çəlimsiz, amma çox güclü qızcığazdan sevgi dolu cazibədar qadın da yaradır, zalım hökmdarla aşıq-aşıq oynayırmış kimi axmaq cəsarətli təlxək də, bir kəlməsi ilə bütün hökmlərin üzərindən xətt çəkən hakim də. Amma ən çox ona saf uşaq, məsum qadın, günahsız qurban kimi baxır. Ən əsası, onun Antiqonası qadındır. O sevir, ana olmaq, çox sakit həyat yaşamaq, ərini sevən qadın kimi yaşlanmaq istəyir. Biz onun Hemon ilə vida səhnəsində bunu aydın görürük. A.Fətullayeva qəhrəmanının hisslərini özünü az qala dağa-daşa çırpa-çırpa, elə həzin deyir ki, sən “bapbalaca boyun dam dolusu toyu”nda çırtıq çalıb “oynamaya” bilmirsən.

Əsərdən irəli gələrək rejissor Kreona öz bəraətini də iri, qızılı sinidə təqdim edir. Daha doğrusu, şərait yaradır. Bax, K.Hadıyevin oyunu da bundan sonra açılır və o, yaşamağa şans verdiyi qızcığazın ölümünə fərmanın gətirdiyi əzabda necə darmadağın olmaq mümkündürsə, o cür də oynayır və Kreonu, az da olsa, qurban kimi əsaslandırır.

Birmənalı olaraq, “Mən ölümü seçdim, həyatımı bir ölüyə hədiyyə edərək” deyən Antiqona qəhrəmandır və tamaşanın rejissoru da əsas vurğunu buna vurur. Beləcə, finalda öz baxışını əsərdən qavranılan təəssüratla paralel şəkildə ötürməyə çalışır. Özünü də, bizi də inandırmağa çalışır ki...

Həmidə Nizamiqızı