Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli teatr və kino aktyoru, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifələrini icra edən Hacı İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Hacı İsmayılov milli teatr və kino səhnəsində maraqlı və yaddaqalan obrazlarla tamaşaçıların sevgisini qazanıb.

Sonra kitabxananın əməkdaşı Mərdan İsgəndərov Hacı İsmayılovun həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, Sumqayıt teatrında da tamaşalarda oynayan aktyor 1970-ci ildən Akademik Dram Teatrında səhnə fəaliyyətini davam etdirib. “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb. Sənətkar kino və teatrın inkişafında mühüm xidmətlərinə görə dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif olunub.