Şəki Dövlət Dram Teatrı 2024-cü ildə də sənətsevərləri bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Teatrdan bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, bu il teatrda dörd yeni tamaşa hazırlanacaq.

Hazırda teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda repertuar planında nəzərdə tutulan ilk səhnə əsərinin – görkəmli alman ədibi Bertold Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Quruluşçu rejissor Elvin Nuri tərəfindən tamaşaya qoyulması planlaşdırılan digər əsər isə Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesidir. Tamaşa yazıçının anadan olmasının 110 illiyinə həsr olunur. Bundan əlavə, teatrın 2024-cü il repertuarına dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” (rejissor Hüseyn Hüseynli) və Vilyam Şekspirin “Heç nədən hay-küy” (rejissor Mirbala Səlimli) komediyaları da daxil edilib.

Bu ilin tədbirlər planında həmçinin Şəki teatrının nailiyyətlərinin geniş tamaşaçı kütləsinə çatdırılması və mədəniyyət tariximizin təbliğ olunması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bu sənət ocağında Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyi münasibətilə tədbir təşkil olunacaq.

Bundan əlavə, IV Şəki Beynəlxalq Teatr Festivalı da Şəki teatrının yubileyinə həsr ediləcək.