Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fevralın 1-dən 14-dək göstəriləcək tamaşaların repertuarını açıqlayıb:

 

2 fevral – “Afina axşamları”

2016-cı il yanvarın 17-də premyerası olan Pyotr Qladilinin 2 pərdədən ibarət lirik komediyası. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyesin süjeti ailənin başçısı Boris Oleqoviç və onun qızı gənc pianoçu Nataşa arasında baş verən nəsil münaqişəsinə toxunur. Nataşanın nənəsi – knyaqinya Rastopçina özünəməxsus formada qarşıdurmanı yumşaldır, onun keçmişlə bağlı “şok” hekayələri dərin fəlsəfi sevgi mövzularına və həyata münasibətə aydınlıq gətirir.

 

3 fevral – “Evlənmə”

N.V.Qoqolun eyniadlı komediyası əsasında qurulmuş tamaşa ilk dəfə 2018-ci dekabrın 22-də nümayiş olunub. Onun rejissoru Emin Mirabdullayevdir.

“Evlənmə”nin altyazısı var: “İki hissədən ibarət tamamilə ağlasığmaz hadisə”. Komediyanın süjeti yaxşı adaxlı axtarışından ibarətdir. Tacir qızı zadəgan ər istəyir, zadəgan adaxlılar isə varlı gəlin axtarırlar. Komediyanın baş qəhrəmanları qərarsızdırlar. Komik fəlakət ümumi səylərin demək olar ki, uğurla nəticələndiyi an baş verir…

 

4 fevral – “Kral Benya və başqaları”

İ.Babel və Ş.Aleyxemin hekayələri əsasında Vladimir Neverovun səhnələşdirdiyi iki hissədən ibarət evlilik və nikahdan kənar münasibətlər haqqında tamaşadır. İlk dəfə 2023-cü il fevralın 17 və 18-də səhnədə nümayiş etdirilib və quruluşçu rejissor qismində çıxış edən Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin yubileyinə həsr olunub.

“Kral Benya və digərləri” tamaşasının birləşdirici halqası Kral ləqəbli Bension Mendeleyeviç Krikin obrazında təqdim edilən Odessa hekayələrinin sintezidir. Bu, Moldavankadan olan usanmayan quldurlar və onların heyranedici lideri haqqında dünyaya gəlmə, sevgi və ölüm səhnələrində ustalıqla təsvir edilmiş istehzalı hekayələrdir. Bu nəsrdə həyatın özü kimi ayrılmaz şəkildə alçaq və yüksək, mənəvi və cismani, canlı, ifadəli dildə təsvir üsulları mövcuddur.

 

9 fevral – “Yuxularıma gəlmə”

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilmiş, premyerası 2018-ci il iyunun 30-da keçirilən, Xalq yazıçısı Anarın anadan olmasının 80 illiyinə həsr olunmuş iki pərdədən ibarət melodramdır. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Tamaşa Zaurla Təxminə arasında mühafizəkar cəmiyyətdə xoşbəxt sonluqla bitməyən ehtiraslı eşq macərasından bəhs edir. Zaurun ailəsi intriqa və təlqin yolu ilə onların birləşməsinə hər cür mane olur, hətta onu qonşunun qızı Firəngizlə evləndirir. Lakin Zaur vida məktubunda ona itirilmiş sevgi həsrəti və yuxularında dəyişməz olaraq görünən bir obraz qoyaraq dünyasını dəyişən Təxminə ilə bağlı duyğularını unuda bilmir.

 

10 fevral – “Albalı bağı”

A.P.Çexovun eyniadlı pyesi əsasında tamaşanın premyerası 2023-cü il oktyabrın 20-21-də olub. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyes Çexov tərəfindən 1903-cü ilin payızında, ölümündən bir qədər əvvəl yazılıb. O, yazıçı tərəfindən dönüş dövründə Rusiyanın simasını əks etdirən komediya kimi düşünülüb. Albalı bağı ötən günlərin simvolu, zadəganların mənasız malikanə həyatının prototipidir. Faciə elementlərinin də yer aldığı bu komediya mülkədarların laqeydliyi, onların özlərini deyil, nəyisə dəyişmək istəyindən bəhs edir, bu isə nəticədə uğursuzluğa – albalı bağının məhvinə gətirib çıxarır. Yeni sahibə bağ lazım deyil, o, onun gözəlliyini, mənəvi dəyərini dərk etmir və kommersiya məqsədləri üçün amansızcasına məhv edir. Lopaxin XIX əsrin sonlarında Ranevskaya, Qayev və digər zadəgan nümayəndələrini əvəz edən yeni dövrün prototipidir.

 

11 fevral – “Üç gözəl”

V.Krasnoqorovun pyesi əsasında qurulan tamaşanın premyerası 2024-cü il yanvarın 13-də olub. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

“Üç gözəl” pyesi qadın tənhalığı, zərif cinsin özünü reallaşdıra bilməməsi, tükənməyən sevgi, valideyn-övlad münasibətləri problemlərini gündəmə gətirir və bir çox qadınların həyat yolunun bütün spektrini nümayiş etdirir.

“Üç gözəl” komediyası sübut edir ki, yaş sevgi və xoşbəxtlik üçün maneə deyil və "qadın hər yaş dövründə sevginin sevincini hiss edir" və hətta 50 yaşını "bir az" keçmiş olsanız da, yenidən başlamaq üçün heç vaxt gec deyil...

 

14 fevral – “Əli və Nino”

Tamaşa Qurban Səidin dünyaca məşhur romanı əsasında qurulub. Quruluşçu rejissor İlqar Safatdır.

Tamaşanın süjeti aristokrat Şirvanşirlər sülaləsindən olan azərbaycanlı Əli və yaxın zamanlarda zadəgan titulu almış Kipiani nəslindən olan gürcü qızı Ninonun hekayəsidir. Bir-birini tanımaq yolunda sevgililər çox şey, o cümlədən mental mədəniyyətlər fərqinə üstün gəlməli olurlar. Lakin hisslər ağıldan daha güclüdür. Birinci Respublika dövründəki xoşbəxt ailə həyatına Qızıl Ordu və daşnak dəstələrinin hücumu son qoyur. Gənc ailənin taleyi necə olacaq? Cümhuriyyət uğrunda döyüşənlərin sıralarında qalmağa qərar verən ərinin seçiminə Nino necə reaksiya verəcək? Əli sağ qalacaqmı? Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.