Professor Eunkyunq Oh: “Bu nəşr layihəsi nəinki Koreyada, hətta dünyada bir ilkdir”

 

Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin nəzdində fəaliyyət göstərən Avrasiya Türk Araşdırmaları İnstitutu (ATAİ) tərəfindən “Türk humanitar elmlər ensiklopediyası” nəşr olunub. Layihəyə ATAİ-nin direktoru professor xanım Eunkyunq Oh şəxsən rəhbərlik edib. Biz də çoxcildlik haqqında ətraflı məlumat almaq üçün Eunkyunq Oh ilə internet üzərindən əlaqə saxladıq.

Eunkyunq Oh 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində anadan olub. Ankaradakı Hacettepe Universitetində türk ədəbiyyatı və müqayisəli ədəbiyyat üzrə fəlsəfə doktoru (1999) və Özbəkistan Elmlər Akademiyasında isə elmlər doktoru elmi dərəcəsi (2014) və professor adı alıb.

Müsahibimizin bu günədək türkologiya məsələlərinə dair müxtəlif dillərdə 150-dən çox elmi məqaləsi və 40 kitabı çap olunub. Xüsusilə “Türk ədəbiyyatında Koreya savaşı” (türk və ingilis dillərində), “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” (türk, Azərbaycan, ingilis), “Türk və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili” (özbək, rus) və s. elmi araşdırma kitabları maraqla qarşılanıb.

O həmçinin Türkiyə yazıçıları Yaşar Kamalın, Murad Tuncelin əsərlərini, eləcə də Bəxtiyar Vahabzadənin şeir və poemalardan ibarət “Gülüstan” kitabını Koreya dilinə çevirib.

Bir müddət Koreya Prezidentinin müşaviri vəzifəsində də çalışmış Eunkyunq Oh hazırda Dongduk Qadınlar Universitetinin professoru, ATAİ-nin direktoru, ingilis dilində çap olunan “Avrasiya türkoloji araşdırmalar” jurnalının baş redaktorudur. O həmçinin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

 

– Eunkyunq xanım, istərdim söhbətimizə tədqiqat sahənizdən başlayaq.

– Mən türk ədəbiyyatını, folklorunu öyrənən türkşünasam. Orta məktəbdə oxuyanda türkşünaslığa marağım yaranmışdı. O vaxt mən çox mütaliə edən, ədəbiyyatı sevən bir qız idim. Həftəsonları “Oxu diskussiya klubu” təşkil edərək müzakirələr aparardıq. Müzakirələrə hazırlaşmaq üçün tez-tez Seuldakı böyük kitabxanaya baş çəkərdim. Ancaq həmin illərdə məlumatlar indiki kimi əlçatan deyildi. Bizə yalnız amerikan, ingilis, fransız və bəzi rus klassik ədiblərinin əsərləri təqdim olunurdu. Türk ölkələri haqqında hər hansı məlumat əldə etmək çətin idi. Düşünürdüm ki, türk ölkələrini öyrənməyə dəyər. Çünki bizim ölkə ilə mədəni oxşarlıqları, tarixi yaxınlıqları vardı. Beləliklə, türkologiya üzrə oxumağa qərar verdim. Lakin həmin dövrdə Koreyada türk dilinin tədris olunduğu yalnız bir təhsil ocağı var idi – Seuldakı Hankuk Xarici Dillər Universiteti. Bu universitetin Türkologiya fakültəsinə daxil oldum. Daha sonra Ankara şəhərindəki Hacettepe Universitetində türk ədəbiyyatı və müqayisəli ədəbiyyat üzrə magistratura və fəlsəfə doktoru təhsilimi bitirdim. Eyni zamanda müəllim olaraq çalışdım. Bundan əlavə, ölkəmizin MBC ictimai televiziya və radiosunun Türkiyədə müxbiri kimi fəaliyyət göstərdim.

 

– Sonradan necə oldu Özbəkistana getdiniz?

– Türkiyədə magistratura və doktorantura təhsilimi başa vurub vətənə qayıtsam da, Özbəkistana gedib türkologiya sahəsində biliklərimi genişləndirmək arzusu məni tərk eləmirdi. 43 yaşımda özbək dilini öyrənməyə başladım və elmlər doktorluğu dissertasiyası müdafiə etdim. Mən Özbəkistanda elmlər doktoru dərəcəsi alan ilk əcnəbi hesab olunuram və bunu özüm üçün böyük şərəf sayıram.

 

– “Türk humanitar elmlər ensiklopediyası” ideyası necə yarandı?

– Tədqiqat rəhbəri kimi “Türk humanitar elmlər ensiklopediyası”nı hazırlayarkən əvvəlcə layihə üzrə məlumat bazasını qurduq. Bu işi həyata keçirmək üçün bütün yerli türkoloqları səfərbər etdim, eyni zamanda bir sıra ölkələrin tədqiqatçılarından da kömək aldım. Bu proses elə də asan deyildi. Çünki türk humanitar elmləri ilə bağlı məlumat və araşdırmalarda xeyli boşluqlar var idi.

Bilirsiniz, Türk dünyası ölkələrinin humanitar elmləri təkcə akademik dəyər baxımından deyil, həm də geosiyasi və iqtisadi münasibətlər sarıdan əhəmiyyətlidir. Bununla belə, ölkəmizdə hələ də geniş ictimaiyyətin türk ölkələri haqqında ilkin biliklərə belə yiyələnməsi çətindir. Bu vəziyyəti yaxşılaşdırmaq üçün, düşünürdüm ki, hər şeydən əvvəl, türkşünaslıq və əlaqəli humanitar elm sahələri üçün əlçatan olan bir lüğətə ehtiyacımız var. “Türk humanitar elmlər ensiklopediyası” bu istiqamətdə humanitar elmlərin bütün sahələrinə aid əsas anlayışları ehtiva edən lüğətdir. Ensiklopediya Koreya Milli Tədqiqat Fondunun (National Research Foundation of Korea – NRF) maliyyə dəstəyi ilə ATAİ tərəfindən beş ildə (2018 – 2023) həyata keçirilən fundamental tədqiqat layihəsinin nəticəsidir. Nəşr Türk dünyası ölkələrinin – Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva, Saxa respublikaları və Çinin Sincan-Uyğur Muxtar Vilayətinin dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dinindən tutmuş bütün humanitar elm sahələrini əhatə edir. Koreya dilində hazırlanan 8 cildlik nəşr 2000-dən çox əsas söz olmaqla, ümumilikdə, 4500 səhifədən ibarətdir. Ensiklopediya həm çap, həm də elektron variantda mövcuddur.

 

– Ensiklopediyanın hazırlanmasında hansı ölkələrdən müəlliflər təmsil olunub?

– Mən də daxil olmaqla 21 müəllif ensiklopediyanın hazırlanmasında iştirak edib. Onlardan 20-si koreyalıdır. Bir özbək tədqiqatçı da sıramızda yer alıb. Təkcə mən 400-dən çox mövzunu işləmişəm. Ensiklopediyanın ümumi yazı və redaktəsinə də özüm cavabdeh idim. Bəzi mövzular üzrə məlumatları əldə etmək üçün əsasən Türkiyə, Azərbaycan və Özbəkistandan olan mütəxəssislərdən dəstək aldıq.

 

– Azərbaycandan bu prosesə kimlər dəstək verdi?

– Bu ensiklopediya koreyalı oxucular üçün nəzərdə tutulub. Koreyada Azərbaycan haqqında hər hansı məlumat əldə etmək çətindir. Ona görə də Azərbaycan alimlərindən ölkənizin ədəbiyyatı, folkloru, tarixi ilə bağlı başlıqların seçilməsində və məzmunların yazılmasında kömək istədik. Ensiklopediyanın yazılmasında məsləhətçi qismində Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və Folklor İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil iştirak ediblər. Filologiya üzrə fəlsəfə doktoru Leyla Məsimli məlumatları Koreya dilinə tərcümə edib.

 

– Mövzuları işləyərkən əsasən hansı mənbələrdən istifadə etmisiniz?

– Bütün Koreya müəlliflərinin öz təcrübə sahələri var. Ensiklopediyanı hazırlayarkən tədqiq etdikləri sahələr üzrə ingilis, rus, türk, qazax, özbək və Azərbaycan dillərində materiallardan istifadə olunub.

 

– Bu ilk təşəbbüsdür, yoxsa əvvəl də belə bir layihə olub?

– Bu ensiklopediya nəinki Koreyada, hətta dünyada bir ilkdir. Yəni “Türk humanitar elmlər ensiklopediyası” hələ heç bir ölkədə nəşr olunmayıb. Onu da deyim ki, bir sıra ölkələrdən alimlər nəşri maraqla qarşılayıblar.

 

– Nəşrin beynəlxalq aləmdə təbliği ilə bağlı nə kimi işlər görülüb?

– Biz hələlik genişmiqyaslı tanıtım etməmişik. Ensiklopediyanın elektron variantını Azərbaycandakı Xəzər Universitetinin kitabxanasına, çap variantını isə Azərbaycan Milli Kitabxanası və Prezident Kitabxanasına göndərmişik. Nəşrin elektron variantı Prezident Kitabxanasının saytında da yerləşdirilib. Eyni zamanda ATAİ-nin, Beynəlxalq Türk Akademiyasının saytlarından, eləcə də “Koryo-saram” saytından da nəşri ödəniş etmədən yükləmək mümkündür.

 

– Çoxcildliyin başqa dillərə tərcüməsi barədə düşünürsünüzmü?

– Mövcud ensiklopediyaya əlavələr etsək və ingilis dilində genişləndirilmiş variantını çap etsək, bu bütün dünyada insanların istifadə edə biləcəyi bir sərvətə çevriləcək. Ensiklopediyanın ingilis dilinə tərcüməsi ilə bağlı çoxlu sifarişlər almışıq. Ancaq bu iş üçün maddi dəstəyə ehtiyac var.

 

– Koreyanın təhsil ocaqlarında tədrisi təşkil oluna bilərmi?

– Ensiklopediya Koreya ictimaiyyətini türk xalqları haqqında məlumatlandırmaq baxımından diqqətəlayiq layihədir. Özbəkistan Təhsil Nazirliyində nəşrin ibtidai, orta, lisey və Koreya dilini tədris edən universitetlərdə tədrisi planlaşdırılır. Ümid edirəm ki, bu lüğətdən başqa ölkələrdə də müxtəlif sahələrdə istifadə olunacaq.

 

– Bir qədər də rəhbəri olduğunuz Avrasiya Türk Araşdırmaları İnstitutu barədə məlumat verərdiniz.

– 2016-cı ilin fevral ayında Dongduk Qadınlar Universitetinin nəzdində Avrasiya Türk Araşdırmaları İnstitutunu qurdum. Bu, Koreyada türkşünaslıq üzrə yeganə tədqiqat institutudur. İnstitutda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər türk respublikaları ilə bağlı araşdırmalar aparılır. İldə iki dəfə türk və özbək dili dərsləri keçirik. Ayda bir dəfə isə Koreyada türk ölkələri ilə bağlı mövzularda araşdırma aparan professorlarla kollokvium təşkil edirik. Biz bəzən şirkətləri və keçmiş diplomatları da ekspert mühazirələrinə dəvət edirik, həmçinin xarici universitetlər və ya səfirliklərlə birgə akademik konfranslar gerçəkləşdiririk.

İnstitut Koreyada ilk və yeganə türkşünaslıq mərkəzi olduğu üçün ölkə daxilindən və xaricdən alimlər böyük maraq göstərirlər. İnstitutun yaradılması və maliyyə vəsaitinin alınması üçün mən çox zəhmət çəkmişəm. Amma sevinirəm ki, buna nail olmuşam. Təqaüdə çıxmazdan əvvəl, ümid edirəm ki, təcrübəmi və apardığım araşdırmaların nəticələrini Koreyadakı tələbələrə ötürə biləcəyəm.

 

– ATAİ Azərbaycanda hansısa elmi qurumla əməkdaşlıq edirmi?

– Azərbaycana ilk səfərim 2016-cı ilin fevralında olub. O zaman mənə Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı kömək edirdi. Bundan sonra Azərbaycan dilini dərindən öyrənməyə qərar verdim. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) ADA Universitetində təşkil olunan proqramında iştirak etmişəm. Biz bir neçə universitetlə memorandum imzalamış və mübadilələrə başlamışıq.

Bundan başqa, ölkələrimizin 30 illik diplomatik münasibətləri tarixində ilk dəfə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə Azərbaycan-Koreya Humanitar Forumunu keçirdik. Birinci və ikinci forumlar pandemiya ilə əlaqədar onlayn təşkil edildi. Üçüncü konfrans isə Bakıda gerçəkləşdi. Ümid edirəm ki, Azərbaycanla əməkdaşlığımız davamlı olacaq.

Nurəddin Məmmədli