Ağdam Dövlət Dram Teatrında uşaq və yeniyetmələr üçün hazırlanan “Elm və maarif” tamaşasının premyerası olub.

Şair, dramaturq, teatr xadimi Səməd Mənsurun (1879–1927) “Maarif” əsəri əsasında hazırlanan birhissəli tamaşasının quruluşçu rejissoru Elmir Hümbətov, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

Rolları teatrın aktyorları Afaq Əliyeva, Səda İbrahimov, Ülviyyə Qasımova, Anar Əhmədov, Hakim Cəfərli, Teymur Kərimov, Vüqar Mərdanov və Tural Yusifov ifa edirlər.

Teatrda 2024-cü il üçün repertuar planı üzrə yeni tamaşanın məşqlərinə də başlanılıb.

Yaradıcı heyət yerli müəllif Şahnaz Şahinin “Mübariz” əsərinə müraciət edib. Tamaşa teatrın baş rejissoru Kərim Həsənovun quruluşunda təqdim olunacaq.

M.F.Axundzadənin “Hekayəti-mərdi-xəsis” komediyası da teatrın repertuar planındadır. Bundan əlavə, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərini teatrın gənc rejissoru Elmir Hümbətov ərsəyə gətirəcək. Çingiz Ələsgərlinin “Olmayanlar olanda” pyesi əsasında eyniadlı tamaşanı isə K.Həsənov hazırlayacaq.