XII əsr Azərbaycan mədəniyyətinin çiçəkləndiyi bir dövr olub. Həmin vaxtlar intibah özünü memarlıq və ədəbiyyatda daha çox göstərib. Dövrün parlayan ulduzlarından biri memarlıq sahəsinə yenilik gətirən Əcəmi Naxçıvani olub. Görkəmli sənətkar daha çox inşaatçı-mühəndis, həm də memar kimi tanınıb. O, böyük sənətkarlıqla yaratdığı həndəsi fiqur və naxışları məharətlə daşlar üzərinə köçürüb.

Bu il nəinki Azərbaycanın, həmçinin Yaxın və Orta Şərqin görkəmli memarı hesab olunan Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyidir. Yaratdığı memarlıq abidələri ilə ölməzlik qazanan sənətkarın yubileyi UNESCO-nun 2024–2025-ci illər üzrə yubileylər proqramı çərçivəsində qeyd olunacaq. Bununla da, bütün dünya onun memar-mühəndis kimi yadigar qoyduğu qiymətli maddi-mədəni mirasdan xəbərdar olacaq.

Qaynaqlarda Əcəmi Əbubəkir Naxçıvani haqda səhih məlumat azdır. Qeyd edilir ki, o, 1120-ci illərdə Naxçıvan şəhərində dünyaya göz açıb. Atabəylər hakimiyyəti dövründə yaradıcılıq fəaliyyəti göstərib. Memar kimi ilk əsəri 1162-ci ildə inşa olunan Yusif Küseyir oğlu türbəsidir.

Memar Əcəminin ikinci məşhur əsəri isə hökmdar Şəmsəddin Eldəgizin həyat yoldaşı Möminə xatının məzarı üstə 1186-cı ildə ucaldılan türbədir. Ehtimal olunur ki, memar Əcəminin layihəsi əsasında Naxçıvanda Eldəgizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilib. Ancaq bütün bunlar günümüzə gəlib çıxmayıb. XVI–XVII əsrlərdə baş vermiş feodal ara və Səfəvi-Osmanlı müharibələri zamanı məhv edilib.

Mütəxəssislərin fikrincə, Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılır. Yeraltı və yerüstü hissələrdən ibarət türbə konstruktiv həllinin harmoniyası və gözəlliyi ilə diqqət çəkir. Türbənin xarici səthinin hər biri müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Memar taxçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib. Künclərin vertikal ritmini və konstruktiv dəyərini artırıb. Bişmiş kərpiclə işlənən türbənin xarici səthlərində mürəkkəb kompozisiyalı həndəsi ornamentlərdən geniş istifadə olunub. Kərpiclərin birrəngli olması isə onun görkəminə sadəlik gətirib. Türbənin çatma tağlı qapısının üzərindəki kitabədən məlum olur ki, abidə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğluna məxsusdur. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” qeydi var.

Araşdırmalarda qeyd edilir ki, Şəmsəddin Eldəgizin həyat yoldaşı Möminə xatın sarayda böyük hörmət sahibi olub. Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsi və inkişafı üçün böyük işlər görüb. Ancaq 1175-ci ildə Möminə xatın vaxtsız vəfat edir. Bu itkidən sarsılan Şəmsəddin Eldəgiz üzünü xanımının başdaşına söykəyib deyir: “Bir bax, nə qədər güclüyəm, varım-dövlətim başımdan aşır... Amma dünya-aləm sənsiz nəyə gərəkmiş? Qoy sənin adın yaşasın. Sənin kimi bir ömür yoldaşının, bir ananın adı yaddaşlarda həmişəlik qalsın. Sən yox olub getməyəcəksən, bu yerdə kök atacaqsan”.

Möminə xatının vəfatından qısa müddət sonra hökmdarın tapşırığı ilə Memar Əcəmi türbənin tikintisinə başlayır. Ancaq çox keçmir Eldəgiz də vəfat edir. Abidənin inşası 1186-cı ildə başa çatır. Bu türbə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Möminə xatının məzarı yeraltı hissədədir. Məqbərə formasına görə onbucaqlı şəklindədir. Giriş üçün nəzərdə tutulan fasadı çıxmaq şərtilə qalan bucaqların hamısı eyni cür işlənib və naxışlarla bəzədilib. Məqbərənin üzərində gözəl xətlə Qurandan ayə və haşiyələr həkk edilib. Təqribən bir metr hündürlükdə olan bu yazı həm də məqbərənin bəzəyi sayılır. Türbə memarlıq üslubu və zərifliyi ilə diqqət çəkir. Bu da abidənin məhz bir qadının şərəfinə ucaldılmasından xəbər verir.

Tədqiqatçı-memarlar Möminə xatın türbəsini Hindistan memarlığının incisi Tac-Mahalla müqayisə edirlər. Qeyd olunur ki, türbə təkcə Azərbaycan memarlığında deyil, ümumən İslam aləmində incə kompozisiyası ilə seçilir. Özündə bədii təfəkkür dərinliyi, zövq incəliyi və mühəndislik dühası nümayiş etdirir. Memar Əcəmi türbədəki kitabədə kufi xətlə belə yazmışdı: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”.

Araşdırmalarda qeyd edilir ki, Memar Əcəminin Naxçıvanda ucaltdığı tikililərin ümumi kompleksində nəhəng bir Cümə məscidi də olub. Abidənin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilib. XIX əsrin ortalarında V.Engelqart “Qafqaz” qəzetində bu məscid haqda yazıb: “Bu, yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb. O biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda, hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub. Ancaq indi bunlar yoxdur. Adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir”.

Memar Əcəminin yaratdığı tikililər yaxın və uzaq Şərq ölkələrinin memarları üçün bir ilham mənbəyi olub. Marağadakı Göy günbəzdə (1196), Culfa şəhəri yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr) İstanbulda ucaltdığı tikililərdə Əcəmi sənətinin ənənələri yaşayır.

Savalan Fərəcov