Tanınmış caz musiqiçisi və bəstəkar Rain Sultanov Norveçin paytaxtı Osloda yaşıl dünyaya həsr olunmuş silsilə konsertlərdə iştirak edib.

Rain Sultanov ECM leyblinin (səsyazma markası – ECM Records, Almaniya) tanınmış pianoçusu Tord Qustavsenlə duet şəklində konsert verib. O həmçinin Arild Anderson, Bendik Hofset, Helqe İberq, Helqe Lin, Karl Seqlem kimi Norveçin tanınmış caz-musiqiçilərinin, eləcə də azərbaycanlı musiqiçilər Tural Rafael və Hikmət Babazadənin yer aldıqları qala-konsertdə çıxış edib.

Layihə təbiətin, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, yaşıl dünya naminə musiqiçilərin həmrəyliyini nümayiş etdirmək məqsədilə təşkil olunub. Zal yüksək ifaçıları ayaq üstə alqışlayıb.

Qeyd edək ki, Rain Sultanovun Avropanın nüfuzlu səsyazma studiyalarının birində yazılan “Mavi balina” kompozisiyası tezliklə sənətsevərlərə təqdim olunacaq.