Fevralın 10-da Nizami Kino Mərkəzində tanınmış ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun həyat və yaradıcılığından bəhs edən “Azərbaycanlı alimin dünya meridianları” adlı sənədli filmin təqdimatı keçirilib.

Zəngəzur İnformasiya Agentliyinin dəstəyi ilə hazırlanan filmin rejissoru Mircəlil Ağayev, ssenari müəllifi və redaktoru Rövşən Vəliyevdir.

Filmdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor Novruz Məmmədov və başqa elm xadimləri və ziyalıların, alimin ailə üzvlərinin fikirləri yer alıb.

Tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov və başqaları, habelə alimin dərs dediyi tələbələr çıxış ediblər.

Bildirilib ki, əslən Qərbi Azərbaycandan olan Əsgər Zeynalov “İrəvan ziyalıları” kitabını yurd həsrəti ilə qələmə alıb. O, eyni zamanda fransız ədəbiyyatının iki görkəmli siması – Volter və Hüqo haqqında ilk sanbalı monoqrafiyaların müəllifidir. Alimin 40-a yaxın kitabı, 400-dən artıq elmi və publisistik məqaləsi çap olunub.  Elmi əsərləri Azərbaycanla yanaşı, Avstraliya, Kanada, ABŞ, Almaniya, Fransa, İsveç, İngiltərə, Hindistan və digər ölkələrdə də işıq üzü görüb.

Sonda çıxış edən Əsgər Zeynalov filmin ərsəyə gəlməsində zəhməti olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.