Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibətilə “Gerçəkləşməyən arzular” adlı benefis nümayiş olunacaq.

Əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Hamlet”, “Antoni və Kleopatra”, Cəfər Cabbarlının “Sevil”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyeslərindən istifadə edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Qurbanova, rejissor assistentləri Fuad Cavadzadə və Günay Qasımovadır.

Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak edirlər. Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin də iştirak edəcəyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.

Qeyd edək ki, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini aktyorluq ixtisası üzrə bitirən Naibə Allahverdiyeva təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Naxçıvan səhnəsində bir sıra tamaşalarda rol alıb. 1994-cü ildən – 30 ildir taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayıb. Burada Bibi (“Bala bəla sözündəndir” – Ə.Əmirli, Xatun (“Mağara” – A.Həsənzadə), Burla xatın (“Dədəm Qorqud” – (Ə.Dəmirçizadə), Münəvvər (“Mənim ağ göyərçinim” – T.Vəliyeva), Çimnaz (“Çimnaz xanım yuxudadır” – S.Rüstəm), Simuzər (“Sarıköynəklə Valehin nağılı” – İ.Əfəndiyev”), Şamama cadu (“Pəri cadu” – Ə.Haqverdiyev) və digər obrazları canlandırıb. Aktrisa həmçinin filmlərdə, teleseriallarda çəkilib.